Şahin Diniyev: “Millidə irəliləyiş göz qabağındadır”

Xəbərlər
11 İyun 2025 17:41
50
Şahin Diniyev: “Millidə irəliləyiş göz qabağındadır”

“Millinin oyunundakı irəliləyiş göz qabağındadır”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

O, yığmamızın Macarıstanla yoldaşlıq oyunu haqqında fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis bildirib ki, qarşılaşma bir sıra müsbət məqamlarla yadda qalıb: “Milli bu oyunda daha istəkli, daha əzmkar futbol oynadı. Futbolçular bütün oyun boyu rəqibə təzyiq etməyə çalışırdılar. Bunun nə qədər alınıb-alınmaması ikinci dərəcəli məsələdir. Bu matç Latviyadakı oyundan yaxşı mənada çox fərqlənirdi. Macarıstan Avropada seçilən komandalardandır. Heyətində kifayət qədər səviyyəli futbolçular var. Buna baxmayaraq, milli sonadək mübarizə apardı. Latviyaya nisbətən daha yaxşı oyun nümayiş etdirdi. Bu da həm heyətin müəyyən qədər formalaşması, həm də komanda oyununun oturmasından xəbər verir. Bu qarşılaşmada motivasiya, istək, əzmkarlıq vardı. Ancaq məlum məsələdir ki, qələbə üçün yalnız motivasiya kifayət etmir. Fikrimcə, dünən gördüyümüz oyun təkmilləşərsə, daha yaxşı nəticələr əldə edə bilərik”.

Qeyd edək ki, Macarıstan yığması Bakıda 2:1 hesabı ilə qalib gəlib.

Aytac Sahəd
İdman.biz