Ayxan Abbasov: "Bundan nəticə çıxaracağıq"

Xəbərlər
4 İyun 2025 22:57
97
Ayxan Abbasov: "Bundan nəticə çıxaracağıq"

"Məğlubiyyət üzücü oldu".

İdman.biz Report.az-a istinadən xəbər verir ki, bunu Belarusla matçdan sonra keçirilmiş mətbuat konfransında Azərbaycanın U-21 millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Təcrübəli mütəxəssis Belarus millisi ilə Baranoviçi şəhərində keçirilən yoxlama oyunu barədə danışıb: “Ancaq belə oyunların təşkili bizim üçün vacibdir. Futbolçularımız səfər matçlarında yerli azarkeşlərin təzyiqi altında çıxış etməyə öyrəşməlidirlər. Belarus millisinin öz meydanında daha yaxşı oynamağa çalışacağını gözləyirdik. İlk 35 dəqiqədə bizdə hər şey alınırdı. Qol vurduq, ikinci qol üçün şansımız oldu. Təəssüf ki, Raul Məmmədovun zədələnməsindən sonra birinci hissənin son 10 dəqiqəsində rəqib üstünlüyə yiyələndi və iki qol vurdu. İkinci hissədə nələrisə dəyişmək və hamıya şans vermək istədik. Belədə istər-istəməz temp aşağı düşür. Bizim üçün bir sınaq idi, bundan nəticə çıxaracağıq. Səhvlərimiz üzərində işləyərək Monteneqro ilə qarşıdakı görüşə hazırlaşacağıq. İlk 35 dəqiqədəki yüksək templi oyunumuz gələcək üçün ümid verdi”.
Qeyd edək ki, U-21 iyunun 8-də, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə yoxlama görüşü keçirəcək.

İdman.biz