“Millətlər Liqasında ilk yarımfinal matçında Portuqaliya millisi qalib gələ bilər”.
Bunu İdman.biz-ə açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
O, UEFA Millətlər Liqasının “Dördlər finalı” ilə bağlı fikirlərini açıqlayıb. Abbasovun sözlərinə görə, ilk yarımfinal cütündə Portuqaliya yığması Almaniyadan zəif deyil: “Bunu son oyunlar da göstərir. Heyətində dünya futbolunun əsas ulduzlarından olan Kriştiano Ronaldo var. Düzdür, yaşı çox olsa da, rekordlara imza atır, qol və oyun saylarını artırır. Mən bugünkü görüşdə Portuqaliyanı daha şanslı görürəm. Almaniya favorit olsa da, Ronaldonun komandası finala çıxacaq. Digər cütlükdə isə İspaniyanı Fransadan güclü hesab edirəm. Onlar son illər gənc futbolçularla daha yaxşı çıxış edirlər, hətta Avropa çempionatının qalibi oldular. Bu səbəbdən İspaniyanı favorit hesab edirəm. İstəyərdim ki, finalda İspaniya və Portuqaliyanı görək”.
Gənc mütəxəssis İspaniya – Portuqaliya finalı olarsa, “qırmızı furiya”nın qalib gələcəyini deyib. Onun sözlərinə görə, ispanların heyətinin gənc olması və Avropa çempionu olduqdan sonra aldıqları motivasiya komandanı Millətlər Liqasının qalib edə bilər.
Qeyd edək ki, UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək. İlk oyun Almaniya və Portuqaliya milliləri arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Yarımfinalın digər qarşılaşması iyunun 5-də İspaniya və Fransa yığmaları arasında keçiriləcək.
Mehri Qurban
İdman.biz