“Dünya çempionu olmaq çox ağır oldu”.
Bunu İdman.biz-ə minifutbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Davud Kərimi deyib.
O, yığmamızın Bakıda keçirilən dünya çempionatının qalibi olmasını dəyərləndirib. Qolkiperin sözlərinə görə, komandamız 2022-ci ildə də belə qələbə hissi yaşayıb: “Əvvəlcə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədova, icraçı vitse-prezident Taleh Nəsibov və qurumun bütün heyətinə təşəkkür edirəm. Çünki dünya çempionatının bu cür möhtəşəm kecirilməsində əvəzsiz əməkləri var. Dünya çempionu olmağı isə sözlərlə ifadə etmək mümkün deyil. Mən bu hissləri 2022-ci ildə Slovakiyada Avropa çempionu olan zaman yaşamışam və bilirəm. Yarış asan keçmədi. Çünki bəzən futbolçular hər gün oyuna çıxdılar. Lakin bu çətinlikləri baş məşqçi Elşad Quliyev və məşqçilər əvvəldən fikirləşib, öz işlərini qurmuşdular. Yəni gücü necə bölmək lazım olduğu əvvəldən hesablanmışdı”.
Qeyd edək ki, Azərbaycan millisi finalda Macarıstana 4:2 hesabı ilə qalib gəlib.
Mehri Qurban
İdman.biz