“Səbail” PFK və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində şəhid övladları üçün tədbir təşkil edib.
İdman.biz xəbər verir ki, görüş “ASCO Arena”da Cəlal Qurbanovun “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində keçirilib.
Tədbirin rəsmi hissəsində “Səbail”in icraçı direktoru Firuz Abdulla, Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov və İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov çıxış ediblər.
Çıxışlar zamanı Vətən Müharibəsi, Azərbaycanın suverenliyinin bərpası, tarix yazan şəhidlərin qəhrəmanlığı və digər mühüm məsələlər barədə ətraflı məlumat verilib.
Rəsmi hissə bitdikdən sonra şəhid övladları stadionda “Səbail”in əvəzedici komandasının məşqini izləyib, onlarla birlikdə futbol oynayıb, daha sonra futbolçularla birlikdə nahar ediblər.
Tədbirin sonunda komandanın futbolçuları – Rüfət Abdullazadə, Mert Çelik, Nicat Məmmədzadə, Suleyman Alluş və İnnosent Nşuti şəhid övladlarına hədiyyələr təqdim edərək, onlarla xatirə şəkili çəkdiriblər.
İdman.biz