Fernandu Santuş: “Kimləri istəyirdimsə, çağırmışam” - MÜSAHİBƏ - FOTO

Xəbərlər
23 May 2025 16:10
86
Fernandu Santuş: “Kimləri istəyirdimsə, çağırmışam” - MÜSAHİBƏ - FOTO

“Yaxşı hazırlaşıb qələbə qazanmaq istəyirik”.

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün keçirdiyi mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis yaxşı komandalara qarşı oynayacaqlarını vurğulayıb: “Kimləri istəyirdimsə, çağırmışam. Bəzilərinə zədə səbəbindən dəvət göndərmədim. Bundan öncəki təlim-məşqə Ramil Şeydayevlə Ozan Can Kökçü da çağırılmışdı. Ancaq onlar mütəmadi oynamırlar. Gələcəkdə daimi oynasalar, şans qazanacaqlar”.

- Mətbuatda yayılan məlumatlara görə, növbəti iki oyunda uduzsanız, istefaya göndəriləcəksiniz.

- Bu, mənim problemim deyil. Gəzən söz-söhbətlərdir. AFFA rəhbərliyi bunu daha yaxşı bilir.

- Sizdən gözləntilər çoxdur. Siz nə düşünürsünüz, millidə inkişaf olub?

- ⁠Bundan öncəki mətbuat konfranslarında demişəm ki, biz öz yolumuza davam edəcəyik.

- Premyer Liqanın səviyyəsini 10 ballıq şkala ilə ölçsəniz, neçə verərsiniz?

- "Qarabağ" bilirik ki, hansı səviyyədə çıxış edir, ancaq ümumilikdə çempionata baxsaq, on ballıq şkaladan “beş” verərdim. Təbii ki, hər komandanın məşqçisi yaxşı nəticə əldə etməyə çalışır. On komandadan cəmi 3-4-ü çempionluq üçün mübarizə aparır.

- Motivasiya məsələsi necə olacaq?

- ⁠Mayın 27-dən təlim-məşq toplanışına başlayacağıq. Kubokun finalında iştirak edəcək oyunçular bizə sonradan qoşulacaq. Onlara üç gün vaxt veriləcək. Əgər futbolçuda milli ruh varsa, motivasiya ilə qoşulacaq. Harada işləmişəmsə bunu görmüşəm.

- Hər oyunda yeni heyət çağırırsınız. Yekun heyət nə vaxt formalaşdıracaqsınız?

- Bildiyiniz kimi, 25 oyunçu dəvət oluna bilər. 55 oyunçu çağıra bilmərik. Vüsal İsgəndərli sağ cinah müdafiəçisi kimi çıxış edir, onun oyunlarına baxıram. Həm mən, həm komandam azərbaycanlı oyunçuları izləyirik. Sadəcə ən yaxşıları seçib dəvət edirik.

- Legioner limiti ləğv olunur. Klubunda oynamayan futbolçuları milliyə çağırmağı düşünürsünüz?

- Biri var ki, klubunda 10-15 dəqiqə də olsa, çıxış edəsən. Biri də var ki, ümumiyyətlə ehtiyat skamyasında oturasan. Hər bir məşqçinin qərarına hörmətlə yanaşıram. Ancaq milli komandaya dəvət olunan hər futbolçu daim oynamalıdır. Üstəlik, bizim əlimizdə çox oyunçu da yoxdur. İstəyərdim ki, daha çox azərbaycanlı futbolçular oynasın. Növbəti mövsümü gözləyək. Çempionata yeni komandalar gəlir. Ümid edək ki, futbolçular özlərini yaxşı tərəfdən göstərə biləcək.

- Heyətə 25 oyunçu dəvət edilir. Fikir versəniz, çoxu eyni adlardır. Siz əsəbləşirsiniz, ancaq ictimaiyyət haqlı olaraq sizdən nəticə gözləyir.

- Yoldaşlıq görüşləri oyunçuları sınamaq üçündür. Bundan sonra isə seçmə mərhələ gəlir. Hər dəfə təlim-məşq toplanışına yeni futbolçuları çağırmaq lazımdır ki, onlar milli komandada oynamağın nə olduğunu hiss etsinlər. Bu gün Portuqaliya və Yunanıstan millisində çıxış edən futbolçuların içərisində vaxtilə mənim 19 yaşında dəvət etdiyim oyunçular var.

- Dəvət etdiyiniz futbolçuların çoxu yaşlıdır. Məsələn, qapıçıları qeyd edə bilərik.

- Qapıçı çox spesifik mövqedir. Burada çox az rotasiya edə bilirik. Keçən dəfə Şahruddin zədələnəndə Müştəbəzadəni dəvət etdik. Həm o, həm də Rza yaxşı qapıçılardır. Fikrimcə, Şahruddin daha təcrübəlidir.

Qeyd edək ki, millimiz yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Riqada “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə qarşılaşacaq.

Aytac Sahəd
İdman.biz