“Mövsüm bizim üçün çox ağır keçdi”.
Bunu İdman.biz-ə Azərbaycan II Liqasında çıxış edən “Şahdağ Qusar”ın futbolçusu Rahid Əmirquliyev deyib.
Azərbaycan millisinin 36 yaşlı sabiq yarımmüdafiəçi komandasının I Liqaya vəsiqə qazanmasından danışıb: “Çempionatda bir oyun da uduzmamağımıza baxmayaraq, çempionluq son oyunda təsdiqləndi. Çox çətin mövsüm oldu. “Şəfa” da bütün mövsüm boyu bizi izlədi, qoymadılar ki, rahat nəfəs alaq. Sonda çempion biz olduq”.
Əmirquliyev növbəti mövsümdə “Şahdağ Qusar”la davam etmək istədiyini deyib: “Gələn mövsüm üçün indidən nəsə deyə bilmərəm. Əvvəlcə gərək biz rəhbərliklə görüşək. Həmin görüşdən sonra bəlli olacaq ki, “Şahdağ Qusar”ın I Liqada əsas hədəfləri nələrdir. Bu komanda mənim üçün çox doğmadır. İstəyərdim ki, növbəti mövsümdə da qalıb karyeramı burada davam edim, ancaq bu, tək məndən asılı olan məsələ deyil. Hər şey rəhbərliklə görüşdən sonra bəlli olacaq”.
Qeyd edək ki, II Liqada 26 turun nəticələrinə görə "Şahdağ Qusar" 1-ci yeri tutub. 72 xal toplayan "Şəfa" ikinci, 58 xala malik "Şimal" isə 3-cü pillədə qərarlaşıb. İlk 3 pillənin sahibi növbəti mövsümdə 1-ci Liqada oynamaq hüququ qazanıblar.
Aytac Sahəd
İdman.biz