Bədavi Hüseynov: “Sağlamlığım nə qədər imkan versə, “Qarabağ”a faydalı olacam”

Xəbərlər
22 May 2025 12:15
94
Bədavi Hüseynov: “Sağlamlığım nə qədər imkan versə, “Qarabağ”a faydalı olacam”

“Komanda inkişaf edir və əminəm ki, daha da yaxşı olacaq”.

Bunu İdman.biz-ə “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov deyib.

Komandasının kapitan 12-ci çempionluqlarını şərh edib. O bildirib ki, mövsüm maraqlı məqamlarla yadda qalıb: “Çox xoşbəxtəm ki, çempion olduq. Bu bizim üçün böyük sevinc, xoş emosiyalardır. Ancaq qarşıda Azərbaycan kubokun finalı kimi vacib oyun var. Çempionluqdan sonra rahatlaşmaq olmaz. Çalışmalıyıq ki, tempi saxlayaq. Hazırda həlledici matça fokuslanmışıq. Bu mövsüm bəzi uğursuzluqlar oldu. Ümid edirəm ki, gələn mövsüm daha da güclü olacağıq”.

33 yaşlı müdafiəçi gələcək karyerası ilə bağlı da danışıb: “Bura öz evimdir. 13 ildir “Qarabağ”da oynayıram. Özümü başqa komandada təsəvvür belə etmirəm. Ona görə də sağlamlığım, gücüm nə qədər imkan versə, “Qarabağ”a faydalı olmağa çalışacam”.

Qeyd edək ki, 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Bədavi Hüseynov Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb. Bu futbolçulardan 5-i "Qarabağ"da, 1-i isə “Xəzər Lənkəran”da buna nail olub.

Aytac Sahəd
İdman.biz