Bu gün Bakıda minifutbol üzrə dünya çempionatı start götürüb. 32 komandanın çempion titulu uğrunda mübarizə aparacağı Milli Gimnastika Arenasında maraqlı qarşılaşmaların olacağı gözlənilir. Meydan sahibi Azərbaycan millisi də əsas favoritlərdən biri sayılır. İki il əvvəl ilk dəfə qatıldığı mundialda 4-cü yeri tutan yığmamız bu dəfə daha böyük hədəflərlə yarışa başlayır.
İdman.biz xəbər verir ki, dünya çempionatının özü artıq böyük hadisədir və təşkilatçılar buna uyğun şəkildə ciddi hazırlıq görüblər.
Azərbaycan uzun illərdir ən yüksək səviyyəli idman yarışlarına ev sahibliyi edir və bu baxımdan hazırkı dünya çempionatı da tarixdəki ən yaxşı turnirlərdən biri ola bilər. Üstəlik, mundial hələ cəmi beşinci dəfə keçirilir. Rumıniya komandası son çempion olsa da, daha əvvəl ABŞ, Çexiya və Meksika yığmaları qələbəni bayram ediblər. Minifutbolun ən yeni tarixi isə bu dəfə Bakıda yazılacaq və turnirin startı kifayət qədər maraqlı görünür.
Azərbaycan millisi evdəki mundiala böyük ümidlərlə başlayır. Komandamız artıq beynəlxalq arenada uğur qazanıb: 2022-ci ildə Avropa çempionu olub, dünya çempionatındakı debütündə isə 4-cü yerə çıxıb. İndi isə ən azı mükafatçılar sırasında yer almaq və maksimum uğurlu çıxış edib yerli azarkeşləri sevindirmək hədəflənir.
Baş məşqçi Elşad Quliyev də yarış öncəsi komandanın psixoloji cəhətdən hazır olduğunu vurğulayıb: "Bütün oyunçular məsuliyyəti hiss edirlər və bunu meydanda görəcəksiniz. Qələbə qazanmaq mütləq məqsədimiz deyil, amma hər kəs üzərinə düşəni edəcək".
Əlbəttə, hansı komanda dünya çempionu olmaq istəməz ki? Meydan sahiblərinin kapitanı Elvin Əlizadə də bu arzusunu gizlətmir. O, artıq milli ilə Avropa çempionu və "Beerbaşa" klubu ilə minifutbol üzrə Çempionlar Liqasının qalibi olub.
Azərbaycan millisi dünya çempionatındakı çıxışına bu gün Bəhreynə qarşı oyunla başlayacaq. Qrup mərhələsindəki digər rəqiblər isə Sloveniya (23 may) və Mavritaniya (25 may) olacaq. Qruplarda ilk iki yeri tutan komandalar 1/8 finala vəsiqə qazanacaqlar.
Bu arada, dünya çempionatının ilk oyunları azqollu keçib. Fransa yeganə qolla Çada qalib gəlib (1:0), Macarıstan – Türkiyə görüşü isə 1:1 hesabı ilə başa çatıb.
Zəki Feyzullayev
İdman.biz