Əfran İsmayılov: “Ümid edirəm ki, millimiz çempion olub bizi sevindirəcək”

Xəbərlər
20 May 2025 14:16
42
Əfran İsmayılov: “Ümid edirəm ki, millimiz çempion olub bizi sevindirəcək”

“Çox maraqlı oyun oldu”.

Bunu İdman.biz-ə veteran futbolçu Əfran İsmayılov deyib.

O, Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup” matçı haqqında fikirlərini bölüşüb. "Premyer Liqa məşqçiləri" komandasının heyətində meydana çıxan Əfran bildirib ki, belə tədbirlərin keçirilməsi çox yaxşı təşəbbüsdür: “Dostlar hamımız yığıldıq. Çoxdandır bir yerə toplaşmırdıq. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Biz açılışı etdik, bundan sonra isə minifutbol üzrə millimiz oynayacaq. Onlara uğurlar arzu edirəm. Ürəyimiz onlarladır. Gəlib oyunlarını izləyəcəyik. Ümid edirəm ki, çempion olub bizi sevindirəcəklər”.

Oyunda fərqlənən İsmayılov bildirib ki, qol vurmaq həmişə sevindiricidir: “Əsas odur ki, komandamız qələbə qazandı. Yaxşı oyun getdi. Xüsusilə də penaltilər seriyası. Fikrimcə, azarkeşlər maraqlı oyun izlədi. Axırıncı dəfə iki il qabaq belə futbol oynamışam. Dizimdə ağrılar olduğu üçün çoxdandır ki, meydana çıxmırdım. İndi də ağrıların olmasına baxmayaraq, bu matçda iştirak etdim və böyük zövq aldım”.

Qeyd edək ki, oyunda hesabı “Premyer Liqa məşqçiləri” açıblar. Əfran İsmayılov fərqlənib. “Neftçi 2000-lər”in heyətində Rəşad Sadiqov bərabərlik qolunun müəllifi olub. Penalti seriyasında daha dəqiq olan “Premyer Liqa məşqçiləri” 3:2 hesabı ilə qalib gəliblər.

Aytac Sahəd
İdman.biz