Azər Bağırov: “Hiss etdim ki, çox qocalmışıq"

Xəbərlər
20 May 2025 10:29
59
Azər Bağırov: “Hiss etdim ki, çox qocalmışıq"

“Çox maraqlı oyun keçdi”.

Bunu İdman.biz-ə “Kəpəz”in baş məşqçisi Azər Bağırov deyib.

Veteran futbolçu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup” matçından danışıb. O, oynadığı “Premyer Liqa məşqçiləri” komandasının qalibiyyətini şərh edib: “Belə tədbirlərin keçirilməsi çox yaxşıdır. Matçda bir daha hiss etdim ki, çox qocalmışıq, özümüzə daha çox fikir verməliyik. İllərlə bir meydanda olduğumuz adamlarla yenidən oynamaq böyük zövq idi”.

Misli Premyer Liqasının XXXV turunda baş tutan qarşılaşmaya Qurban Qurbanovla rəqib kimi çıxdığını xatırladan Bağırov bu matçda onunla komanda yoldaşı olmağın maraqlı məqam kimi vurğulayıb: “Qurban müəllim bizim böyük qardaşımızdır. Ondan çox şey öyrənmişik. İndinin özündə də Qurbanovdan nələrisə öyrənə bilirsən. Yenidən onunla oynamaq maraqlı idi. Qurban Qurbanov Azərbaycan futbolunun önəmli simalarındandır”.

Qeyd edək ki, matçda “Premyer Liqa məşqçiləri” ilə “Neftçi 2000-lər” komandaları qarşılaşıblar. Görüş 1:1 hesabı ilə başa çatıb və “Premyer Liqa məşqçiləri” penaltilər seriyasında 3:2 hesabı ilə qalib gəliblər. Qalib komandaya “Legends Cup” kuboku təqdim olunub.

Aytac Sahəd
İdman.biz