Avropa Liqasında yeni ad - "Kristal Pelas"

Xəbərlər
18 May 2025 12:49
41
Avropa Liqasında yeni ad - "Kristal Pelas"

Finalda "Mançester Siti"yə 1:0 hesabı ilə qalib gələn "Kristal Pelas" tarixində ilk dəfə İngiltərə FA kubokunu qazanıb.

İdman.biz xəbər verir ki, 1990 və 2016-cı illərdə də bu turnirin finalına çıxan komanda o vaxt hər iki halda Mançesterin digər təmsilçisi "Yunayted"ə məğlub olmuşdu.

Londonun cənubundakı Selhurst rayonunda məskunlaşan "Kristal Pelas" 119 illik tarixi ərzində ən yaxşı halda Premyer Liqada 3-cü yeri tutub ki, bu da 1990/91 mövsümünə təsadüf edib.

Komanda yüksək liqada mütəmadi çıxış etdiyi 2013/14 mövsümündən bəri iki dəfə ilk "onluğ"a düşə bilib: 2015 və 2024-cü illərdə çempionatı 10-cu yerdə başa vurub. Hazırda da finişə iki tur qalmış Premyer Liqada 12-ci pillədə qərarlaşıb.

"Championship" divizionunda isə iki dəfə - 1978/79 və 1993/94 mövsümlərində çempion ola bilib.

"Kristal Pelas" Avropada yalnız 1998/99 mövsümündə o vaxtkı UEFA kuboku üçün seçmə xarakteri daşıyan İntertoto kubokunda oynayıb və onda da Türkiyə "Samsunspor"u ilə hər iki qarşılaşmada məğlub olub - 0:2 və 0:2. İngiltərə FA kubokunun qalibi kimi 2 milyon funt sterlinq məbləğində mükafat qazanan klub həmçinin ilk dəfə növbəti UEFA Avropa Liqasının liqa mərhələsinə vəsiqə əldə edib.

İdman.biz