Ölkə prezidenti: "Braziliyanın problemi, məncə, futbolçuların aşağı səviyyədə olmasındadır"

Xəbərlər
14 May 2025 10:18
52
Ölkə prezidenti: "Braziliyanın problemi, məncə, futbolçuların aşağı səviyyədə olmasındadır"

"Düzünü desəm, əcnəbilərə qarşı deyiləm. Düşünürəm ki, bizim ölkədə də milli komandaya rəhbərlik etməyə qadir məşqçilərimiz var".

İdman.biz xəbər verir ki, bu sözləri Braziliya prezidenti Luiz İnasio Lula da Silva futbol üzrə milli komandaya italiyalı Karlo Ançelottinin baş məşqçi təyin olunmasına münasibət bildirərkən deyib.

Ölkə başçısı jurnalist Marselo Ninyoya müsahibəsində komandanın əsas probleminin məşqçidə olmadığını vurğulayıb: "Ançelottinin karyerasına nəzər salsaq görərik ki, o, əla məşqçidir. O, yaxşı da oyunçu olub. Amma Braziliyanın problemi, məncə, futbolçuların aşağı səviyyədə olmasındadır. Əvvəlki kimi deyil. Əgər 1958, 1962, 1970, 1982, 1986, 2002 və 2006-cı illərin nəsilləri ilə müqayisə etsək, indiki nəsil daha zəifdir. Sadəcə 2002 və 2006-cı illərdəki hücum xəttimizi xatırlayın və görəcəksiniz ki, biz ondan çox uzağıq”.

Yeri gəlmişkən, Luiz İnasio Lula da Silva ötən il müsahibələrinin birində bildirmişdi ki, millidə ölkə çempionatında oynayan futbolçular çıxış etməlidir: "Xaricdə oynayanlar burada oynayanlardan üstün deyil. Mən çoxdan qeyd etmişəm ki, Braziliya millisində ölkədə oynayan futbolçular olmalıdır".

Qeyd edək ki, Ançelottinin Braziliya millisində ildə təxminən 10 milyon avro qazanacaq. Komandanı 2026-cı ildə dünya çempionu etsə, ona əlavə 5 milyon avro məbləğində mükafat veriləcək.

İdman.biz