Samir Əliyev “bürünc döyüşü”ndə kimi şanslı sayır?

Xəbərlər
9 May 2025 15:50
96
Samir Əliyev “bürünc döyüşü”ndə kimi şanslı sayır?

“Ola bilər ki, son tura kimi gərgin mübarizə getsin”.

Bunu İdman.biz-ə futbol mütəxəssisi Samir Əliyev deyib.

Azərbaycan millisinin sabiq futbolçusu Misli Premyer Liqasında üçüncü yer uğrunda gedən mübarizədən danışıb. Əliyev bildirib ki, XXXIV turda 3-cü yerə iddialı hər iki komandanı çətin oyun gözləyir: “Turnir cədvəlinə nəzər saldıqda, bu yerdə qərarlaşan “Araz Naxçıvan”la dördüncü yerdə olan “Turan Tovuz”un altı xallıq fərq var. Sona cəmi üç tur qalıb, bu da maksimum doqquz xal deməkdir. Bu həftə “Turan Tovuz” evdə “Neftçi”ni qəbul edir. Asan oyun olmayacaq. “Araz Naxçıvan” isə səfərdə “Qarabağ”la oynayacaq. Qurban Qurbanovun komandasının çempionluğu rəsmiləşdirməsinə baxmayaraq, “Araz Naxçıvan”ı çətin oyun gözləyir”.

Veteran futbolçu “Araz Naxçıvan”ın şanslarını yüksək dəyərləndirib: “Belə baxanda sona üç tur qalmış Naxçıvan təmsilçisinin altı xallıq üstünlüyü var. Gedişatı dəyişmək üçün bundan sonra “Turan Tovuz” hər üç oyunu udmalı, “Araz Naxçıvan” isə uduzmalıdır. Fikrimcə, bu tur da olmasa, növbəti turda üçüncü yerin sahibi bəlli olacaq”.

Qeyd edək ki, turnir cədvəlində “Araz Naxçıvan” 55 xalla üçüncü, “Turan Tovuz” isə 49 xalla dördüncü yerdə qərarlaşıb. “Qarabağ”ın çempionluğu rəsmiləşdirdiyi mövsümdə “Zirə” gümüş medalı təmin edib.

Aytac Sahəd
İdman.biz