Rahid Əmirquliyev: "Sübut etdik ki, birinci yerə layiqik"

Xəbərlər
4 May 2025 20:27
147
Rahid Əmirquliyev: "Sübut etdik ki, birinci yerə layiqik"

"Azarkeş dəstəyi möhtəşəm idi".

İdman.biz xəbər verir ki, bunu “Şahdağ Qusar”ın futbolçusu Rahid Əmirquliyev jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan II Liqasının XXIV turunda səfərdə “Şəfa” ilə qolsuz bərabərliklə bitən oyun (0:0) haqqında danışıb.

36 yaşlı futbolçu bildirib ki, komandası növbəti matçlarda da yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək: "Harada oynamağımızdan asılı olmayaraq, azarkeşlər həmişə bizim yanımızdadırlar. Bu uğur onlarındır".

Əmirquliyev komandasının "Şəfa" ilə matça xüsusi önəm verdiyini vurğulayıb: "Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Bilirsiniz ki, rəqib II Liqanın seçilən komandalarındandır, güclü heyəti, güclü məşqçisi var. Ancaq bu o demək deyil ki, biz zəiflik. Bu gün sübut etdik ki, birinci yerə layiqik. Çalışacağıq ki, növbəti iki oyunda maksimum nəticə qazanıb birinci yeri qoruyaq".

Protokola əsasən, oyunu Bakıdakı "ASK Arena"da 4500 azarkeş izləyib.

Qeyd edək ki, “Şahdağ Qusar” 68 xalla turnir cədvəlinin lideri, “Şəfa” isə 65 xalla ikincisidir.

Aytac Sahəd
İdman.biz