"Traktor"un Asiya liqasında İran adına bir uğur qazanmasının mənim dövlətimə nə dəxli?"
İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Fazul Musatafa bildirib.
O, Təbrizi təmsil edən komandanı İran çempionu olması münasibətilə təbrik edib: "Təbrizi təmsil edən "Traktor" futbol komandası İran çempionu oldu! Min dəfə təbriklər! Orada yaşayan soydaşlarımızın sevincini başa düşürəm. Ana dilində bir məktəbin açılmasına, dünyəvi həyatın bəxş etdiyi azadlıqlara sevinmək imkanı olmayanların futbol üzərindən hislərini bu cür büruzə vermələri anlaşılandır. Vaxtilə bizdə də totalitar Sovet sistemi içində "Neftçi"nin xırda bir bürüncünə, "Ararat" üzərində epizodik qələbələrinə eyni qaydada sevindiyimizdən fərqli bir şey baş verməyib. "Qalatasaray"ın UEFA Kubokunu qazanmasına qardaş Türkiyəmizlə birgə daha böyük coşqu ilə sevinmişdik. Mən də "Traktor"un bu parlaq qələbəsinə sevindim. Necə deyərlər, qan çəkir".
Lakin deputatın fikrincə, İranın türk əsilli Prezidentinin Şəhriyardan şeir deməsinə sevindiyimiz dozada sevinmək kifayət edər: "Bu günlərdə daha çox Ağdamın "Qarabağ" komandasının Azərbaycan çempionu olmağına sevinirəm. Yenə gedəcək Avropada Azərbaycan adına qürurverici işlər görəcək".
Mustafa İranla bağlı problemləri sadalayıb: "Vaxtilə bizlər də xalq hərəkatı dalğasında İranla sərhədlərin götürülməsini, tikanlı məftillərin sökülməsini göz yaşlarımızla, tonqal ətrafında halaylarla qutlayırdıq.
Düşünürdük ki, bu gün sabah bir-birimizlə qucaqlaşandan sonra birləşməyimizə hansısa əngəl qalmayacaq. Elə indi də o zamandan bəri cəmiyyətin çoxluğu olaraq siyasi mənada bir arpa boyu zəkaca irəli getdiyimiz söylənə bilməz. Artıq illərdir o tikanlı məftillərin həsrətini çəkirik ki, necə edək bənd-bərə bağlansın, millətimizin kütləvi zəhərlənməsini təmin edən İrandan ötürülən narkotikin qarşısı alınsın! Artıq narkotik qasırğası quru sərhəddən başqa həm də dənizdən gəlir və gecə-gündüz qəhrəman sərhədçilərimiz bunun qarşısını almağa çalışırlar. İllərdir düşünürük, necə edək ki, din-məzhəb obrazında cəhalət, xurafat, nadanlıq Üzeyir bəyin çağdaş obrazında simvollaşmış müstəqil Azərbaycan Cümhuriyyətinin vətəndaşlarını xəstəliyə yoluxdurmasın. Necə edək ki, qaranlıq keçmişimizin simvolu olan mərsiyyə Üzeyir bəyin Üverturasını susdurmasın! İndi qayğımız odur ki, dövlətimizin təhlükəsizliyini cənubdan gələ biləcək hərbi avantüra və qaçqın dalğasından necə qoruyaq!
Necə edək ki, İranın Ermənistanla birgə keçirdiyi "Fatimeyi Zəhra" adlı hərbi təlimində açılan atəş bizim Bakının ortasındakı "Fatimeyi Zəhra" adlanan məscidə xətər yetirməsin? Fars deyib özünüzü aldatmayın, İranda hakimiyyətdə olan həmin Təbrizli, Ərdəbilli, Zəncanlıdır. Hamısı da canı-dildən İranın varlığını qorumaq üçün fanatikcəsinə çalışırlar. Çıraqla axtarsan hakimiyyətdə beş-on fars taparsan. Əlbəttə, dinçi rejimin basqısından əziyyət çəkən soydaşlarımız da var. Onlarla yanaşı farsların, kürdlərin, ərəblərin də bu durumdan razı olduğu söylənə bilməz. Üzücü odur ki, milli düşüncənin qaynadığı məkan da, teokratik sistemin əsas dayağı da bizim şeirlərimizin baş tacı olan Təbrizdir".
Deputat İrandan gözləntilərini də açıqlayıb: "Siz futboldan həzz alıb "Traxtor"a sevinin, mən isə İranda ana dilində məktəblərin açılmasına sevinəcəyəm. Sevinəcəyəm ki, bəlkə otuz-qırx ilə dil üzərindən yetişən milli təfəkkürlü insanların sayı arta bilər. Orada Mirzə Fətəlilər, Həsən bəy Zərdabilər, Mirzə Cəlillər, Üzeyir bəylər yetişər. O zaman ümidimiz artar ki, bu kimi şəxsiyyətlər "Traxtor"u futbol sahəsindən çıxarıb xurafat, cəhalət tarlasını şumlamağa yönəldərlər və o məkanda da əkilən sağlam toxumlar sayəsində çağdaş dünyaya transfer oluna biləcək insan cəmiyyəti yetişər.
Unutmayın, Şəhriyar təkcə "Heydərba"ya salam verməyib, başqa bir salamında da yazıb ki:
"Qorxum budur oyun ola,
Millət yenə qoyun ola.
Kimdi bizə boyun ola.
Kömək olun ki, dardayıq,
Qışdı, borandı -qardayıq.
Qoyun gəlib Naib-İmam.
Cihad desək, dartılarıq.
Qırılsaq da, qurtularıq".
Siz qırıldız, qurtulmadız. Biz isə XIX yüzilin əvvəllərində İrandan qırılmaqla qurtulmuşuq!!! Bu gün məqsədli və ya düşünmədən din, məzhəb, bütövlük, neosəfəvilik adı ilə bizi o məkana qaytarmaq istəyənlərlə bütün platformalarda mübarizəmizi aparmalıyıq. Qarabağı azad etməklə, Ermənistan sərhədlərində rəsmi sərhədimizi qoymaqla, biz Azərbaycanı Bütövləşdirmişik! Bunu qaranlıq və məcaraçı düşüncələri bir daha təftiş etməmiz üçün bir tarixi not olaraq yazdım".
İdman.biz