Azərbaycan millisinin baş məşqçisi: "Bu görüş bizə xal qazandırmayacaq, amma qalib gəlmək istəyirik" - MÜSAHİBƏ

Xəbərlər
21 Mart 2025 16:31
257
Azərbaycan millisinin baş məşqçisi: "Bu görüş bizə xal qazandırmayacaq, amma qalib gəlmək istəyirik" - MÜSAHİBƏ

"Sabah qalib gəlməyə çalışacağıq".

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti millisi ilə yoldaşlıq matçından öncə keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis yaxşı komandaya qarşı oynayacaqlarını vurğulayıb: "Rəqibin heyətində güclü futbolçular var. Məşqçilər heyəti ilə birgə onların son beş-altı matçını izləmişik. Komanda olaraq analiz etmişik. Bu günə qədər etdiyimiz məşqlərdə də çıxardığımız nəticələr üzərində işləməyə çalışmışıq. Sabah çox maraqlı oyun olacaq. Elə bir heyətdir ki, hücum futboluna üstünlük verirlər. Görünən odur ki, əsasən iki hücumçü ilə oynayırlar, hər ikisi də çox hərəkətlidir. Haiti top itkisindən sonra toparlanıb, yenidən hücum etməyə çalışan bir yığmadır.

Məşqlərimiz yüksək səviyyədə keçib. Haiti millisinə qalib gəlmək istəyirik. Düzdür, bu görüş bizə xal qazandırmayacaq. Ancaq yığma olaraq uduzmaq istəmirik".

- Komandaya yeni cəlb olunan futbolçulara bu və ya növbəti oyunda şans verəcəksiz?

- Sabah hansı heyətin olacağını deyə bilmərəm.

- Millidə ab-hava necədir?

- Çox yaxşı məşqlər keçmişik, oyunçuların əhvalı da yaxşıdır. Sabah qalib gəlməyə çalışacağıq. Millilər arasındakı oyunlar yoldaşlıq matçı kimi qəbul edilmir. Düzdür, bu oyuna görə xal qazanmayacacağıq. Ancaq milli olaraq sabah uduzmaq istəmirik. Haiti ilə matç bizim üçün çox vacibdir.

- Haiti millisinin üzvləri fiziki cəhətdən çox üstündürlər. Onlarla müqayisədə millimizin futbolçuları fiziki cəhətdən zəif görünür. Rəqibi nə ilə üstələyə bilərik?

- Kollektiv şəkildə güclü çıxış etsək, rəqibin fiziki gücünün qarşısını ala bilərik. Oyunçuların xarakteristikası belədir, bunu dəyişmək mümkünsüzdür. Nəzərə almaq lazımdır ki, futbol yalnız fiziki hazırlıqdan asılı deyil. Taktika burada daha vacibdir. Futboldur, hamı rəqabətə hazır olmalıdır.

- Xorvatiya - Fransa görüşünü izləmisiniz?

- Sabah onlarla yox, Haiti ilə qarşılaşacağıq. Kimsə bizə rəqib olanda danışarıq. Hazırda məni təkcə Haiti ilə oyun maraqlandırır.

- Sabahkı matça cəmi 1300 bilet satılıb. Siz bunu nə ilə əlaqələndirirsiz?

- Azarkeşlərin millini dəstəkləməsi çox vacibdir. Bir müddətdir ki, buradayam. Milli çempionatın oyunlarına da az adam gəlir. Ancaq Avropada çıxış edən komandaları daha çox dəstəkləyirlər. Son oyunlardan çox azarkeşin olduğu matç "Neftçi" - "Qarabağ" idi. Doqquz mindən çox adam gəlmişdi. Stadionda mükəmməl atmosfer var idi, oyunun ritmi də artmışdı. Ümid edirəm ki, Azərbaycan millisinin oyunlarına da bu qədər azarkeş gələcək. Mən də azarkeşləri başa düşürəm, onlar da millidən yalnız qələbə gözləyirlər.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, 25-də isə Belarusla yoldaşlıq görüşləri keçirəcək.

Aytac Sahəd
İdman.biz