Azərbaycan yığmasının İsveçə töhfələri

Xəbərlər
20 Noyabr 2024 15:16
85
Azərbaycan yığmasının İsveçə töhfələri

UEFA Millətlər Liqasının son turunda Azərbaycan millisi İsveçə C liqasında qalmaq üçün xəyali ümidlərlə yollanmışdı. Ancaq elə oyunun əvvəlindən tək buraxılan qollarla deyil, göstərdiyi oyunla da bu barədə xəyal etməyin belə yersiz olduğunu göstərən futbolçularımız İsveç yığmasının bu turnirdə bir çox sahələrdə ən yaxşı olması üçün əllərindən gələni etdilər.

İdman.biz yığmamızın isveçlilərə hansı sahələrdə birinci olmalarına töhfələr verdiyini araşdırıb.

Azərbaycanla oyuna C liqasında ən yaxşı olmaq motivasiyası ilə çıxan İsveç xallarını 16-ya çatdırmaqla top fərqində +15 göstəricisi sayəsində eyni xallı, lakin +9 top fərqli Şimali Makedoniyadan üstün oldu. 5 oyunda qələbə qazansa da, 5-ci turda Kosovo ilə oyunun ləğv olunması səbəbindən rumınlar 15 xalla qalıblar.

Qol sayında 5-ci turda Bosniya və Herseqovina üzərində 7:0-lıq qələbədən sonra böyük üstünlük qazanan almanları Azərbaycan yığmasının qapısından son turda 6 top keçirən İsveç qabaqladı. Skandinavlar 19 qolla 1-ci, almanlar 18 qolla 2-ci olublar.

Sağ ayaqla vurulan qol sayında 5 turdan sonra almanlarla 10 belə qolla liderliyə şərik olan isveçlilər, Azərbaycanla oyundan sonra göstəricisini 14-ə çatdıraraq, inamla 1-ci olublar. İkinciliyi 12 qolla ingilislər ələ keçiriblər.

Cərimə meydançası daxilindən vurulan qolların sayında da almanların birinciliyini əllərindən alan İsveç olub (19). Almaniya 17 qolla ikinciliklə kifayətlənib.

Millimizin qapısına son matçda endirdiyi 34 zərbə ilə göstəricisini 152-yə çatdıran şimallılar Türkiyəni 28 zərbə ilə qabaqlamaqla liderliyi qoruyublar.

Qapı çərçivəsinə gedən zərbələrdə də İsveçlə rəqabət aparan olmayıb. 60 dəqiq zərbəli skandinavları 19 zərbə geridən ispanlar izləyir.

Künc zərbələrinin sayında da İsveç (55) liderliyini qoruyub.

Hücum sayında da İsveç liderliyini əldən verməyib. Hücumların sayını son matçda 301-ə çatdıran axırıncı rəqibimiz ən yaxın izləyicisi Belçikanı 7 həmlə qabaqlayıb.

Viktor Qyökereşin fərqlənməsində millimizin böyük payı olub. Son matçdakı pokeri ilə turnirdəki qollarını 9-a çatdıran forvard 7 qollu norveçli Erlinq Halandı, 6 qollu rumın Rezvan Marini geridə qoyub.

Son matçda qol ötürməsi olmasa da, millimizlə ilk oyunda komanda yoldaşına 2 qolda yardımçı olmuş Qyökereş yekunda 5 assistlə 4 qol ötürməli Nunu Mendeş (Portuqaliya), Florian Virts (Almaniya) və Lüka Dini (Fransa) qabaqlayaraq 1-ci olub.

Qol+ötürmə hesabatında yığmamızla 2 oyunda 5+2 nəticə göstərən isveçli qolçu bu sahənin də ən yaxşısı adını millimizin sayəsində qazanıb – 9+5. Erlinq Haland (Norveç) 7+1, Rezvan Marin (Rumıniya) 6+1 və Florian Virts 3+4 göstərici ilə sonrakı yerləri tutublar.

9 qolun hamısını sağ ayaqla vurmuş Qyökereşə bu sahədə də ən yaxın izləyicisi Rezvan Marini 3 top qabaqlamaqda millimizlə son oyundakı poker yardımçı olub.

Yenə də bütün qollarını cərimə meydançası daxilindən vurmuş isveçli bu sahədə izləyicilərini millimizlə oyundakı pokerə uyğun sayda qabaqlayıb.

Vüqar Məmmədov
İdman.biz

Məqalədə: