“Şerif”in baş məşqçisinin “Zirə” ilə matçda teatr İSTƏYİ

Xəbərlər
10 İyul 2024 17:04
430
“Şerif”in baş məşqçisinin “Zirə” ilə matçda teatr İSTƏYİ

“Zirə” ilə oyun vacibdir. Bu, hər şeyimizi ortaya qoymaq üçün psixoloji cəhətdən hazırlaşmalı olduğumuz bir imtahandır. Özümüzə qalib gəlib, hər matçdan zəfərlə ayrılmağı düşünməliyik”.

İdman.biz xəbər verir ki, bunu “Şerif”in baş məşqçisi Yuri Qura deyib.

Çalışdırıcı “Zirə”yə qarşı keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransı keçirib. O bildirib ki, ilk sınaqdan üzüağ çıxmağı hədəfləyiblər: “Zirə” layiqli rəqib, səviyyəli komandadır. Mənim məşqçi kimi bu, ilk Avropa səyahətimdir və bunun müsbət olmasını istəyirəm. Komandada həyəcan da var, özümüzü meydanda sübut etmək, göstərmək istəyi də var”.

Quranın sözlərinə görə, sabah təşkil olunacaq matçda hücum futboluna üstünlük verəcək: “Yeni gələnlər komandaya çox yaxşı inteqrasiya olublar. Bəlkə də hazırlaşmaq üçün kifayət qədər vaxt tapmadıq. Amma futbolçular kifayət qədər yaxşı səviyyəyə gəldilər. Düşünürəm ki, birlikdə çalışacağıq və yaxşı nəticələr qazanacağıq. Hücum futbolu oynamaq və bunun azarkeşlər üçün bir teatr olmasını istəyirik. Bu alınarsa, o zaman fanatlar futbola gələcəklər. Düşünürəm ki, hamı hücum futbolunu sevir”.

Tiraspol klubunun çalışdırıcısı 1:0 hesablı qələbəni 5:3 hesablı qalibiyyətdən üstün tutduğunu da deyib.

Qeyd edək ki, “Şerif” - “Zirə” oyunu iyulun 12-də saat 21:00-da start götürəcək.

İdman.biz

Məqalədə: