Mendilibardan qeyri-adi göstəricilər - HESABAT

Xəbərlər
30 May 2024 11:22
369
Mendilibardan qeyri-adi göstəricilər - HESABAT

Konfrans Liqasının final oyunu statistik məqamlarla zəngin olub.

İdman.biz xəbər verir ki, İFFHS “Olimpiakos” – “Fiorentina” matçının (1:0) rekordları və əlamətdar göstəriciləri ilə bağlı hesabat hazırlayıb.

İlk dəfə avrokubokun qalibi Yunanıstan klubu olub.

Tarixdə ikinci dəfə finalda Yunanıstan klubu oynayıb. 1971-ci ildə Çempionlar kubokunda “Panatinaikos” “Ayaks”a uduzub – 0:2.

İspaniyalı Xose Luis Mendilibar ardıcıl iki mövsüm avrokubok qazanan, bunu fərqli klublarda reallaşdıran ikinci baş məşqçidir. O, ötən il “Sevilya” ilə Avropa Liqasının qalibi olub.

Mendilibara qədər buna digər ispaniyalı Rafael Benites imza atıb. 2004-cü ildə “Valensiya” ilə UEFA kuboku qazanan mütəxəssis növbəti il “Liverpul”la Çempionlar Liqasında sevinib.

Mendilibar hər iki mövsümdə triumfdan az əvvəl bu posta təyin olunub. O, “Sevilya”ya 2023-cü ilin martında, “Olimpiakos”a 2024-cü ilin fevralında gəlib.

Mendilibar 2022/23 mövsümündə “Sevilya”nın, 2023/24 mövsümündə “Olimpiakos”un 3-cü baş məşqçisi olub.

63 yaşlı mütəxəssis ötən il Avropa Liqası, bu il Konfrans Liqası tarixinə ən yaşlı qalib baş məşqçi kimi düşüb.

115 dəqiqə 16-cı saniyədə fərqlənən Ayub El kaabi avrokuboklar tarixinə ikinci ən gec qələbə qolunun müəllifi kimi düşüb. Dieqo Forlan 2010-cu ildə Avropa Liqasının “Fulhem”lə finalında 115 dəqiqə 36-cı saniyədə qələbə qoluna imza atıb.

Mövsümdə 16 qol vuran Ayub avrokuboklar tarixində yalnız üç oyunçudan geri qalır. Radamel Falkao 2010/11 mövsümündə 18, Srefan Qivarş 1997/98, Kriştiano Ronaldo 2013/14 mövsümündə hərəyə 17 dəfə rəqib qapılarına yol tapıblar.

El Kaabi 1970/71 mövsümündə “Panatinaikos”da 10 qol vuran Antonis Antonidisdən 6 top qabaqlayaraq avrokuboklarda Yunanıstan klublarının rekordçusu olub.

30 yaşlı mərakeşli mövsümün pley-off mərhələlərində - qrupdan sonra 11 qol vurmaqla avrokuboklar tarixinin rekorduna imza atıb. Radamel Falkao 2010/11, Kriştiano Ronaldo 2016/17, Kərim Benzema 2021/22 mövsümündə 10 dəfə fərqləniblər.

İdman.biz

Məqalədə: