"Qarabağ" oyuna çox yaxşı başladı. Bunun nəticəsi olaraq ilk hissəni 2:0 hesabı ilə üstün bitirdi".
Bunu İdman.bizə "Qarabağ"ın sabiq qolkiperi Fərhad Vəliyev deyib.
44 yaşlı veteran futbolçu Avropa Liqasının 1/8 final mərhələsində 2:2 hesabı ilə başa çatan "Qarabağ" – "Bayer" matçını şərh edib. O bildirib ki, ilk hissəyə Azərbaycan çempionu rəqibə istədiyi oyunu göstərməyə imkan verməyib: "Komandamız sürətli oyun nümayiş etdirdi. Amma bu tempi ikinci hissədə davam etdirmək mümkün olmadı. "Bayer"in dəyişiklikləri həlledici oldu. Oyunun gedişində görsənirdi ki, rəqib "Qarabağ"ı öz meydançasına otuzdurur. Belə böyük matçlarda yüksək tempin nəticəsində futbolçular tez yorulur. Qurban Qurbanovun da məcburi əvəzetmələrini gördük".
Vəliyev qarşılaşmada Olaviyo Juninyonu xüsusi fərqləndirərib: "Həm qol, həm asistlə yadda qaldı. Matçın qırılma anı isə ikinci hissədə onun qapıçı ilə təkbətək qalıb epizodu dəyərləndirə bilməməsi oldu. Orda fərqlənə bilsəydi, qalib də gələ bilərdik. Amma heç-heçə də pis deyil. İkinci matç "Qarabağ" üçün daha ağır olacaq. Düşünürəm ki, Almaniyada taktiki oyun olacaq. Heç bir komanda risk etməyəcək. "Bayer" doğma azarkeşləri önündə oynadığı üçün çox təziq göstərəcək. Amma biz də səfər oyunlarında komandamızın yaxşı nəticələr əldə etdiyini görmüşük. Bu da ümid verir ki, Leverkuzendən sərfəli nəticə ilə dönə bilərik".
Komandanın sabiq qolkiperi Andrey Lunyovun çıxışına da qiymət verib: "Rusiyalı əksər oyunlarda yaxşı çıxış edir. Stabilliyi var. "Qarabağ"ın heyətində Lunyovu fərqləndirmək olar. Düşünürəm ki, öz etibarlılığı ilə etimadı qazanıb".
Qeyd edək ki, "Qarabağ" martın 14-də "Bayer"in qonağı olacaq.
Emin Ağa
İdman.biz
