“Braqa”nın çox təhlükəli futbolçuları var. Hər an geridönüş etməyə qadirlər”.
Bunu "İdman Bizdə" verilişinin qonağı olan “Qarabağ”ın sabiq futbolçusu Bəxtiyar Musayev deyib.
Azərbaycan millisinin də şərəfini qorumuş 50 yaşlı mütəxəssis Avropa Liqasının pley-offu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Braqa” matçını dəyərləndirib. Ağdam təmsilçisi səfərdəki görüşdə 4:2 hesabı ilə qalib gəlsə də, Musayev ehtiyatlı danışıb: “Qarabağ”ın mərhələ keçmək şansını 60-65 faiz dəyərləndirirəm. Qurban Qurbanovun komandasında bir çox top klubda olmayan özəllik var. Onlar əvvəldən sona kimi hesaba baxmayaraq, çox intizamlı oynayırlar. Bu da baş məşqçinin əməyidir. Həmçinin hesabdan asılı olmayaraq, oyundan qopmurlar. Digər Avropa klubları hesab 3:0 və ya 4:0 olanda bir qədər boşalırlar. Amma “Qarabağ”da bu heç vaxt baş verməyib. Bu da çox vacib amildir. “Qarabağ”lılar da hələlik hər şeyin həll olunduğunu demirlər. Arxayınlıq yoxdur. Bu da mənə ümid verir ki, matçda “Qarabağ” futbolçuları daha inamlı, daha intizamlı iştirak edib, yeni tarix yazacaq”.
Qeyd edək ki, “Qarabağ” – “Braqa” matçı bu gün saat 21:45-də start götürəcək.
Emin Ağa
İdman.biz