“Qarabağ”ın sabiq futbolçusunun qolu Ukrayna klubunu liderliyə yüksəltdi - VİDEO

24 Oktyabr 2026 17:43
113
“Qarabağ”ın sabiq futbolçusunun qolu Ukrayna klubunu liderliyə yüksəltdi - VİDEO

Ağdamın “Qarabağ” futbol klubunun sabiq yarımmüdafiəçisi Leandro Andrade Jitomirin “Polissya” komandasının Ukrayna çempionatında liderliyə yüksəlməsinə kömək edib.

Idman.Biz Ukrayna Premyer Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Polissya” 10-cu turun ev oyununda Kiyevin “Obolon” klubunu 3:0 hesabı ilə məğlub edib.

Hesabı 9-cu dəqiqədə Andrade açıb. Kabo-Verde millisinin futbolçusu Boris Kruşinskinin ötürməsindən sonra başla dəqiq zərbə endirərək topu qonaqların qapısına göndərib.

İkinci hissədə meydan sahiblərinin üstünlüyünü İqor Krasnopir artırıb. O, 59-cu dəqiqədə fərqlənib. Daha 11 dəqiqə sonra Vladislav Veleten topu dabanla qapıya göndərərək yekun hesabı müəyyənləşdirib.

Start heyətində meydana çıxan Andrade 58-ci dəqiqədə əvəzlənib.

Bu qələbə sayəsində xallarının sayını 25-ə çatdıran “Polissya” Ukrayna Premyer Liqasının turnir cədvəlində birinci pilləyə yüksəlib. Jitomir təmsilçisi Donetsk “Şaxtyor”unu bir xal qabaqlayır. Lakin rəqibin ehtiyatda bir oyunu var.

Xatırladaq ki, Andrade 2026-cı ilin yayında “Qarabağ”dan “Polissya”ya keçib. O, 2022-ci ilin yanvarından Ağdam klubunun formasını geyinib, dörd dəfə Azərbaycan çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.

İdman.Biz
Məqalədə: