Futbol üzrə Türkiyə Birinci Liqasında Azərbaycan millisinin iki sabiq futbolçusunun çıxış etdiyi komandalar üz-üzə gəlib.
Idman.Biz Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi oyun protokoluna istinadən xəbər verir ki, Birinci Liqanın 12-ci turunun açılış matçında Ozan Can Kökçünün formasını geyindiyi “Vanspor” səfərdə Elvin Yunuszadənin çıxış etdiyi “Boluspor”u 3:0 hesabı ilə məğlub edib.
Oktyabrın 23-də “Bolu Atatürk” stadionunda keçirilən qarşılaşmada qonaqlar hər üç qolu ikinci hissədə vurublar.
58-ci dəqiqədə Hikmət Çiftçi penaltidən hesabı açıb. 70-ci dəqiqədə İlkan Sever “Vanspor”un üstünlüyünü artırıb. 90+6-cı dəqiqədə isə Alvaro de Oliveyra yekun nəticəni müəyyənləşdirib.
Ozan Can Kökçü qalib komandanın start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib. “Boluspor”un ehtiyat oyunçular skamyasında yer alan Elvin Yunuszadə isə 90-cı dəqiqədə oyuna qoşulub. Beləliklə, Azərbaycan millisinin sabiq üzvləri meydanda bir-birinə qarşı oynamaq imkanı qazanmayıblar.
Bu qələbədən sonra xallarının sayını 10-a çatdıran “Vanspor” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Cəmi bir xalı olan “Boluspor” isə 20 komanda arasında sonuncu yerdədir.
