Azərbaycanın “Sabah” klubunun qapıçısı Stas Pokatilov hesab edir ki, Bakı təmsilçisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turunda Dortmund “Borussiya”sı ilə oyunda ən azı heç-heçəyə layiq idi.
İdman.Biz Qazaxıstanın ASnews.kz nəşrinə istinadən xəbər verir ki, təcrübəli qolkiper 1:2 hesablı məğlubiyyətdən sonra matçla bağlı fikirlərini bölüşüb.
“Hazırda nə emosiyam, nə də gücüm qalıb. Ən azı uduzmamağı çox istəyirdik və düşünürəm ki, bunun üçün imkanlarımız var idi. Amma “Borussiya” artıq başqa səviyyədir, “Slaviya” deyil. Hesab edirəm ki, debütant komanda kimi layiqli oyun göstərdik, xüsusilə də ilk dəqiqələrdən yaxşı təsir bağışladıq. Eyni ruhda davam edəcəyik”, – deyə Pokatilov bildirib.
Qapıçı Praqa “Slaviya”sı ilə görüşdən sonra Çempionlar Liqasının ikinci turunun rəmzi komandasına düşməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, komanda autsayder hesab edildikdə müdafiəçilərin və qapıçıların fərqlənmək imkanları daha çox olur. Bununla belə, Pokatilov fərdi uğurlardan daha çox komandanın nəticələrinə önəm verdiyini vurğulayıb.
33 yaşlı futbolçu Çempionlar Liqasının əsas mərhələsində çıxış etməyin onun üçün xüsusi məna daşıdığını da qeyd edib.
“Bu, yüz faiz arzudur. Demək olar ki, adi həyətlərdən futbola başlayan qazaxıstanlı uşaqlar üçün nümunədir. Bu, arzuların gerçəkləşdiyini və hər şeyin mümkün olduğunu göstərir”, – deyə qolkiper əlavə edib.
Xatırladaq ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Sabah” Dortmund “Borussiya”sına 1:2 hesabı ilə məğlub olub. Məğlubiyyətə baxmayaraq, Azərbaycan təmsilçisi Almaniya klubuna ciddi müqavimət göstərib.
Üç turdan sonra “Sabah”ın aktivində üç xal var.
