“Traktor”dan İran futboluna ultimatum: 3:0 qərarı çıxsa, liqanı tərk edəcək - FOTO/VİDEO

19 Oktyabr 2026 01:00
106
“Traktor”dan İran futboluna ultimatum: 3:0 qərarı çıxsa, liqanı tərk edəcək - FOTO/VİDEO

Təbrizin “Traktor” futbol komandası ölkə çempionatında “Malavan”la səfər qarşılaşmasından əvvəl yaşanan hadisələrə etiraz olaraq meydanı tərk edib.

İdman.Biz xəbər verir ki, buna səbəb rəqib komandanın azarkeşlərinin irqçi və təhqiramiz şüarlar səsləndirməsi olub.

Hadisə İranın Ənzəli şəhərindəki “Sirus Qayqıran” stadionunda baş verib. Təbriz klubunun rəsmi açıqlamasına əsasən, “Malavan” tərəfdarlarının irqçi şüarlarından sonra komanda qarşılaşmaya çıxmaqdan imtina edib.

İran futbolunda ciddi müzakirələrə səbəb olan hadisədən sonra “Traktor”un prezidenti Məhəmməd Reza Zenuzi sərt bəyanatla çıxış edib.

Klub rəhbəri futbolun cəmiyyətdə birlik və həmrəyliyə zərər vuran hadisələrlə gündəmə gəlməməli olduğunu bildirib. O, futbolçulara və kluba qarşı kütləvi şəkildə səsləndirilən təhqirlərin qəbuledilməz olduğunu vurğulayıb.

Zenuzi İran Futbol Federasiyasını baş verənlərə ədalətli qiymət verməyə çağırıb. Onun sözlərinə görə, qurum heç bir təzyiq altında qalmadan qərar qəbul etməli və oxşar hadisələrin təkrarlanmaması üçün lazımi tədbirlər görməlidir.

“Traktor”un prezidenti komandasına 3:0 hesablı texniki məğlubiyyət veriləcəyi təqdirdə İran çempionatından çəkilmək məsələsini nəzərdən keçirəcəklərini açıqlayıb.

Təbriz klubunun rəhbərliyi futbolçulara və azarkeşlərə qarşı ayrı-seçkilik hallarının diqqətdən kənarda qalmasını qəbuledilməz hesab edir.

İran parlamentinin deputat Dr.Şahsavari də “Malavan” azarkeşlərinin səsləndirdiyi təhqiramiz şüarlara etiraz bəyanatı yayıb.

Deputat azərbaycanlılara qarşı səsləndirilən irqçi və təhqiramiz şüarları qəbuledilməz adlandırıb.

Millət vəkili İranın İdman və Gənclər Nazirliyini və Futbol Federasiyasını hadisəni qərəzsiz araşdırmağa, irqçi şüarlar səsləndirən şəxsləri müəyyənləşdirməyə və qanun çərçivəsində ciddi tədbirlər görməyə çağırıb.

Deputat azərbaycanlıların hüquq və ləyaqətinin qorunması üçün məsələnin qanuni və nəzarət mexanizmləri çərçivəsində izləniləcəyini, baş verənlərin diqqətdən kənarda qalmasına imkan verilməyəcəyini bildirib.

Hadisədən sonra diqqətlər İran Futbol Federasiyasının qəbul edəcəyi qərara yönəlib. Federasiyanın qərarı həm “Traktor”un çempionatdakı gələcək iştirakına, həm də tribunalarda ayrı-seçkilik xarakterli şüarlara qarşı görüləcək tədbirlərə təsir göstərə bilər.

Klub baş verən hadisədən sonra sosial şəbəkə hesabından video paylaşım edib. Paylaşımda, "Ədəb, şərəf şüarımız, "Traxtor" iftixarımız" deyə bildirilir.

İdman.Biz