Yamaykanın “Maunt Plezant” klubunun hücumçusu Trevon Rid KONKAKAF Karib Kubokunun yarımfinal mərhələsinin ilk oyununda penalti zərbəsi ilə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, diqqət cəlb edən epizod Trinidad Tobaqonun “Klab Sando” komandası ilə keçirilən görüşdə baş verib.
Matçın 35-ci dəqiqəsində, komandası 1:0 hesabı ilə öndə olarkən penalti vurmaq üçün topa yaxınlaşan Rid qeyri-adi üsula əl atıb. O, zərbədən əvvəl ayaq barmaqlarının ucunda dayanaraq topa doğru son dərəcə xırda və yavaş addımlarla irəliləməyə başlayıb.
Hücumçunun topa yaxınlaşması təxminən 20 saniyə çəkib. Bu müddətdə oyunun şərhçiləri futbolçunun hərəkətlərinə istehza ilə yanaşıb və onu tələsməyə çağırıblar.
Lakin Ridi uzun hazırlıq da xilas etməyib. O, zəif və rəqibin asanlıqla təxmin edə biləcəyi zərbə endirib. “Klab Sando”nun qapıçısı Teşon Raqo isə topu çətinlik çəkmədən dəf edib.
Bu uğursuzluq “Maunt Plezant”ın rahat üstünlük qazanmaq şansını əldən verməsi ilə nəticələnib. İkinci hissədə “Klab Sando” hesabı bərabərləşdirib və qarşılaşma heç-heçə ilə başa çatıb.
Penaltinin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Azarkeşlər hücumçunun hərəkətini məsxərəyə qoyublar.
