Arif Əsədov: “Sabah”ın iki cəbhədə mübarizə aparmaq imkanı var” - MÜSAHİBƏ

9 Oktyabr 2026 15:30
75
Arif Əsədov: “Sabah”ın iki cəbhədə mübarizə aparmaq imkanı var” - MÜSAHİBƏ

“Fasilədən sonra komanda yenidən bir araya gəlib”.

Bunu əvvəllər müxtəlif vaxtlarda “Neftçi” və “Sabah”ın baş məşqçisi olmuş Arif Əsədov Misli Premyer Liqasının yeddinci turunda bu gün keçiriləcək oyunla bağlı sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Neftçi” - “Sabah” oyunu ilə bağlı gözləntiləriniz necədir?

– Son illəri nəzərə alsaq, bu oyunu derbi adlandırmaq olar. Düzdür, yaş baxımından “Neftçi” daha təcrübəli və köklü komandadır. “Sabah” isə nisbətən gənc klub olmasına baxmayaraq, yaxşı nəticələr əldə edib. Bu baxımdan, bugünkü qarşılaşmadan gözləntilər böyükdür və oyunun necə keçəcəyini proqnozlaşdırmaq çətindir.

Fasilədən əvvəl “Sabah”ın performans baxımından üstün olduğunu görmək olardı. Lakin fasilədən sonra bəzən komandaların vəziyyəti bərabərləşir. Hər iki klubun futbolçuları milli komandaların düşərgəsində olublar. Buna görə də hazırkı vəziyyətdə komandaların hazırlıq səviyyəsi arasında ciddi fərq olduğunu düşünmürəm.

– “Sabah”ın Çempionlar Liqasında keçirəcəyi oyunu nəzərə alaraq, “Neftçi” ilə qarşılaşmada yarı-ehtiyat heyətlə meydana çıxması mümkündürmü?

– Düşünmürəm. “Sabah” uzun müddətdir ki, eyni heyətlə oynamır. Fasiləyə qədər komandanın sabit heyəti var idi və həm çempionatda, həm də Çempionlar Liqasında, xüsusilə rəqabətli oyunlarda, əsasən eyni futbolçulara güvənilirdi.

Fasilədən sonra komanda yenidən bir araya gəlib. Həm çempionat, həm də Çempionlar Liqası baxımından futbolçuların birgə oynaması və xətlər arasındakı əlaqələrin bərpası vacibdir. Buna görə də düşünürəm ki, “Sabah” meydana optimal heyətlə çıxacaq. Sadəcə, oyun ərzində bəzi futbolçuların meydanda qalma müddətində dəyişikliklər ola bilər. Ümumilikdə isə əsas heyətə üstünlük veriləcəyini düşünürəm.

– Ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasında çıxış etməsindən “Sabah” yararlandı və çempion oldu. Bu mövsüm isə “Neftçi”nin, yoxsa “Qarabağ”ın belə bir fürsətdən istifadə etməsi daha real görünür?

– Düşünmürəm ki, “Sabah” məsələyə bu cür yanaşsın. Komandanın əlində bir-birinə yaxın səviyyədə iki heyət var. Məşqçilər korpusu həm çempionatda, həm də Çempionlar Liqasında hansı heyətlə oynamağın daha məqsədəuyğun olduğunu müəyyənləşdirəcək.

Gələcəkdə futbolçular arasında zədələr və ya başqa problemlər yaranarsa, vəziyyət dəyişə bilər. Ancaq hazırkı heyət “Sabah”a iki cəbhədə mübarizə aparmaq imkanı verir. “Neftçi” və “Qarabağ” da təbii ki, rəqiblərinin xal itirməsini istəyəcəklər. Bununla yanaşı, öz oyunlarında xal itkilərinə yol verməmələri də vacibdir.

– Yəni “Sabah”ın hansısa turnirdə mübarizəni ikinci plana keçirəcəyini düşünmürsünüz?

– Xeyr, belə düşünmürəm. Hətta kubokda da uğur qazanmağa çalışacaqlar. Hər bir məşqçi və futbolçu mümkün olan bütün titulları əldə etmək istəyər. Ancaq bunun nə dərəcədə mümkün olacağını zaman və oyunların gedişatı göstərəcək.

– “Neftçi” indiyədək daha çox nisbətən zəif rəqiblər üzərində qələbələr qazanıb və turnir cədvəlindəki mövqeyini möhkəmləndirib. “Zirə” ilə oyunda isə məğlub olub. “Sabah”la qarşılaşmanı “Neftçi” üçün bu mövsümün ilk ciddi sınağı hesab etmək olarmı? Komandanın qalib gəlmək şansını necə qiymətləndirirsiniz?

– Düşünürəm ki, komandaları zəif və güclü rəqiblərə ayırmaq düzgün deyil. Çünki zəif hesab etdiyin rəqib üzərində qazanılan qələbə də sənə üç xal verir, güclü rəqib üzərində qazanılan qələbə də.

Əsas məsələ zəif hesab edilən rəqiblərlə oyunlarda xal itirməməkdir. Çünki belə itkilər sonradan komandanın mövqeyinə mənfi təsir göstərə bilər. “Neftçi” indiyədək bu baxımdan maksimum nəticə əldə etməyə çalışıb.

İndi isə daha güclü rəqiblərlə oyunlar başlayır. Bu qarşılaşmalar “Neftçi” üçün əsl sınaq olacaq. Komandanın çempionluq və kubok iddiası olduğunu bilirik. Qarşıdakı oyunlar “Neftçi”nin bu hədəflərə nə dərəcədə hazır olduğunu göstərəcək. Artıq həmin matçlardan sonra komandanın real gücü barədə daha aydın fikir söyləmək mümkün olacaq.

– Bu mövsüm Premyer Liqada güclü və zəif komandalar arasındakı fərq daha aydın görünür. Büdcələr də bu fərqə təsir edir. Bununla razısınız?

– Təbii ki, ümumi strateji baxımdan yanaşsaq, çempionluğa oynayan komandalarla əsas məqsədi Premyer Liqada qalmaq olan klublar arasında fərqlər var. Burada büdcə, iddia və klubun ümumi imkanları mühüm rol oynayır.

Amma vurğulamaq istədiyim əsas məqam odur ki, turnir cədvəlində xal baxımından bütün qələbələr eyni dəyərə malikdir. Buna görə də rəqibləri zəif və güclü deyə ayırmaq əvəzinə, hər oyuna ciddi yanaşmaq lazımdır. Həqiqətən, qazanılan hər qələbə səni bir qədər də irəli aparır və rəqiblərindən üstün mövqeyə çıxarır. Bu baxımdan, qarşıdakı oyunlar vacibdir və komanda üçün sınaq xarakteri daşıyır.

– Demək olarmı ki, “Neftçi”nin qeyri-sabit nəticələr göstərdiyi dövr artıq arxada qalıb?

– Bəli, amma “Neftçi”nin ideal formaya düşdüyünü demək hələ tezdir. Hazırda komandanın təxminən 70-80 faiz özünə gəldiyini düşünürəm. İddiası ortadadır, xallar toplayır və qazanılan hər xal komandaya əlavə inam verir.

Bu baxımdan, hazırkı “Neftçi”ni əvvəlki illərdəki iddialı günlərinə qayıtmağa çalışan komanda kimi görürük. Ən azından, iddia baxımından bunu söyləmək olar. Ancaq texniki və praktiki cəhətdən vəziyyətin necə olacağını zaman göstərəcək.

Komandanın çempionluq qazanması üçün təkcə futbolçuların fərdi ustalığı kifayət etmir. Psixoloji durum, kollektivdəki ab-hava və komandanın ümumi gücü də mühüm rol oynayır. Bütün bu amillər birlikdə çempionluğa aparan yolu müəyyənləşdirir.

İdman.Biz