“Klublar yerli futbolçulara güvənməlidir, inanmalıdır”.
Bunu Azərbaycanın futbol üzrə milli komandasının sabiq forvardı Xaqani Məmmədov sportal.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan milli komandası Litva ilə görüşdə qələbə qazandı. Yığmanın performansını necə dəyərləndirirsiniz? Lixtenşteyni uda bilməyən millimizə inamınız var idi ki, Litvanı udacaq?
- Azərbaycan millisi Litva ilə matçda göstərdi ki, motivasiya və istək olsa, Lixtenşteyni da udmaq olardı. Hər halda, Litva millisini məğlub etdilər.
- Ümumiyyətlə, Azərbaycan yığmasının qrupda keçirdiyi 3 oyununu necə dəyərləndirirsiniz?
- Təbii ki, millimiz bundan da yaxşı oyun göstərə bilərdi. Yenə də bunlar motivasiya və istəyə bağlıdır. Hər halda, millimizin çıxışını normal adlandırmaq olar.
- Yığmamızın hazırda çatışmayan, zəif və mənfi tərəfi hansıdır?
- Yığma komandamız yaxşı hücumlar qurur. Lakin qol vura bilmirlər. Epizodlardan istifadə etmək alınmır. Görünür ki, oyun praktikası azdır, futbolçular öz klublarında az oynayırlar. Bunun da təsiri var.
- Legioner limitinin ləğvindən sonra klublarımız oyunçulara çox da güvənmir. Sizcə klublar doğru edir? Belə davam edərsə, millinin nəticələri daha pis olacaq?
- Klublar yerli futbolçulara güvənməlidir, inanmalıdır. Çünki yerli futbolçular oynadıqca artıra bilər. Bu da bizim milli komanda üçün xeyirli olardı. Hər halda, zaman hər şeyi göstərəcək.
- Milli komandamızın son görüşü Lixtenşteynə qarşı olacaq. Bu matçda qələbə qazanacağımıza inanırsınız?
- Bakıda da onları məğlub etmək mümkün idi. İnanıram ki, millimiz onları səfərdə məğlub edəcək. Çünki millimizdə bu potensial var.
- 2008-ci ildə də millimiz Lixtenşteyni məğlub edə bilməmişdi. O görüşlə bu dəfəki arasında fərq var idi? Demək olar ki, bu illər ərzində heç nə dəyişməyib?
- Ümumiyyətlə, günü-gündən futbol inkişaf edir. Avropada da belədir. Görünürdü ki, Lixtenşteyn millisi indi həmin milli komanda deyil. Onlar da artıq strukturlu, ağıllı futbol oynayırlar. Bunu da Bakıdakı görüşdə gördük.
