İngiltərə və Uelsdə futbol matçları zamanı tribunalarında alkoqol qəbuluna qoyulan qadağaya yenidən baxıla bilər.
İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Endi Börnhem mövcud məhdudiyyətlərin futbol azarkeşlərinə qarşı ədalətsiz olduğunu bildirib. Onun sözlərinə görə, digər idman növlərində tamaşaçılara yarışlar zamanı alkoqol qəbul etməyə icazə verilir.
Börnhem qadağanın ləğvinin əvvəlcə məhdud formatda sınaqdan keçirilə biləcəyini istisna etməyib.
“Futbol azarkeşlərinin bu şəkildə fərqləndirilməsini ədalətli hesab etmirəm. Bu qanunvericilik futbolun tamamilə fərqli olduğu dövrə aiddir”, - deyə o bildirib.
İngiltərə və Uelsdə futbol meydançasının göründüyü ərazidə alkoqol qəbul etmək 1985-ci ildən qanunla qadağandır. Reqbi və kriketdə isə analoji məhdudiyyət yoxdur.
Qaydaların yenidən nəzərdən keçirilməsi ideyasını Azarkeşlər Futbol Assosiasiyası və İngiltərə Futbol Liqası dəstəkləyib. Bununla belə, futbol polisinin nümayəndələri dəyişikliklərin tətbiqindən əvvəl təhlükəsizlik baxımından risklərin qiymətləndirilməsinin zəruri olduğunu bildiriblər.
İngiltərənin qadınlar Super Liqasında və ikinci qadın divizionunda isə sınaq müddətindən sonra meydançanın göründüyü ərazidə alkoqol qəbuluna artıq icazə verilir.
