“Tacikistanla yoxlama oyunu milli komandaya ən azından oyun praktikası qazandıracaq”.
Bu sözləri Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə Tacikistanla keçiriləcək yoxlama oyunu barədə danışarkən deyib.
Komandanın hazırkı durumunu dəyərləndirən mütəxəssis bildirib ki, yığma üzvlərinin bir çoxu klublarında əsas heyətdə mütəmadi forma geyinmir.
“Əsas heyətdə oynayanların da sayı məhduddur. Düşünürəm ki, bu, ən azından oyun praktikası qazanmaq, baş məşqçinin oyun düşüncələrini futbolçulara izah etmək və oyun üslubunu aşılamaq baxımından yaxşı fürsətdir: “Futbolçular bu oyundan sonra Millətlər Liqasının qarşılaşmalarına daha hazırlıqlı başlaya bilərlər”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Veteran qolkiper qarşıdakı rəsmi oyunlardan gözləntilərini də bölüşüb:
“Tacikistanla matçdan sonra 3 oyunumuz var. Həmin qarşılaşmalardan gözləntimiz yaxşı oyun və müsbət nəticədir. Düşünürəm ki, bu dəfə Millətlər Liqasında yığmamıza yaraşmayan divizionda yer aldıq. Yığma öz oyunu və nəticəsi ilə sübut etməlidir ki, komandamız daha yüksək mövqelərə layiqdir”.
Cahangir Həsənzadə heyət seçimi ilə bağlı baş məşqçinin qarşısında çətin seçimlərin olduğunu vurğulayıb:
“Futbolçuların klublarında əsas heyətdə oynayıb-oynamaması hər turda sual altında olur. Ona görə də baş məşqçinin qarşısında çətin suallar dayanır. Ümid edirəm ki, Ayxan müəllim ən yaxşı seçimi edir”.
O, millinin UEFA Millətlər Liqasındakı oyunlarda qələbə uğrunda mübarizə aparacağına və müsbət nəticələr əldə edəcəyinə inandığını söyləyib:
“Düşünürəm ki, yığmamız Millətlər Liqasında hər üç oyunda qələbə üçün mübarizə aparacaq. Nəticələrin müsbət olacağına əminəm. Ən azından Ayxan Abbasov üçün geniş məlumat bazası yaranacaq. Bu da gələcəkdə yığma komandanı kimlərin üzərində qurmaq və hansı futbolçulara daha çox etibar etmək barədə qərar verməyə kömək edəcək”.
Qeyd edək ki, sentyabrın 23-də “Palms Sports Arena”da təşkil olunacaq Azərbaycan - Tacikistan oyunu saat 20:00-da başlayacaq.
