“Turan Tovuz”un qapıçısı Azərbaycan millisinə qarşı oynaya bilər

18 Sentyabr 2026 14:22
108
“Turan Tovuz”un qapıçısı Azərbaycan millisinə qarşı oynaya bilər

Azərbaycanın “Turan Tovuz” futbol klubunun qapıçısı Oleg Baklov sentyabr-oktyabr aylarında keçiriləcək yoldaşlıq görüşləri üçün Tacikistan millisinin heyətinə dəvət olunub.

İdman.Biz xəbər verir ki, Tacikistan milli komandasının baş məşqçisi İqor Angelovski 31 yaşlı qapıçını 28 futbolçudan ibarət yekun heyətə daxil edib. Bu barədə Tacikistan Futbol Federasiyası məlumat yayıb.

Beləliklə, Baklov klub səviyyəsində çıxış etdiyi ölkənin milli komandasına qarşı oynaya bilər. Azərbaycan və Tacikistan yığmaları sentyabrın 23-də Bakıda üz-üzə gələcəklər.

Baklov 2025-ci ildən “Turan Tovuz”un formasını geyinir. O, Tacikistan millisində debütünü 2024-cü ilin sentyabrında edib. Qapıçı milli komandada keçirdiyi ilk səkkiz oyunda beş dəfə qapısını toxunulmaz saxlayıb.

Tacikistan millisinin heyətinə ümumilikdə 3 qapıçı, 10 müdafiəçi, 10 yarımmüdafiəçi və 5 hücumçu daxil edilib. Baklovla yanaşı, qapıçılar sırasında Rusiyanın “Rostov” klubunun üzvü Rustam Yatimov və “Xosilot”dan Daler Azizov da yer alıb.

Azərbaycanla oyundan sonra Angelovskinin komandası Çinə yollanacaq. Tacikistan millisi sentyabrın 28-də Çuntsin şəhərində Fələstin, oktyabrın 6-da isə Çin yığması ilə yoldaşlıq görüşündə qarşılaşacaq.

İdman.Biz