ÇL: Mourinyo “İnter”ə qarşı, “Mançester Siti” ideal formada olan “Portu” ilə üz-üzə - İDMAN.BİZ-in İCMALI

8 Sentyabr 2026 13:52
92
ÇL: Mourinyo “İnter”ə qarşı, “Mançester Siti” ideal formada olan “Portu” ilə üz-üzə - İDMAN.BİZ-in İCMALI

Bu gün, sentyabrın 8-də UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün əsas mərhələsinin oyunlarına start veriləcək.

36 komandanın iştirakı ilə keçirilən yeni formatın üçüncü mövsümü altı qarşılaşma ilə başlayır. İlk oyun günündə həm “Real Madrid” - “İnter” kimi böyük oyun, həm də favorit statusunun kifayət qədər şərti göründüyü bir neçə maraqlı duel var.

İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə 20:45-də AEK - LASK və “Brügge” - “Aston Villa”, 23:00-da isə Dortmund “Borussiya”sı - “Vilyarreal”, “Portu” - “Mançester Siti”, “Lill” - “Betis” və “Real” - “İnter” oyunları başlayacaq.

AEK - LASK 20:45-də, Afinada, “AEK Arena”da olacaq. Kağız üzərində meydan sahibləri aşkar favoritdir. Bukmekerlər AEK-in qələbə şansını təxminən 50 faiz, LASK-ın imkanlarını isə 25 faiz civarında qiymətləndirirlər. Afina klubunun Avropadakı ev statistikası da bunu əsaslandırır – UEFA turnirlərində son 11 ev oyunundan doqquzunda qalib gəlib. Bununla belə, məhz LASK gecənin ilk “qara atı” sayıla bilər. Avstriya təmsilçisi tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Komanda ötən mövsüm ölkə çempionu olub, kuboku qazanıb və pley-offun cavab qarşılaşmasında “Seltik”i 5:1 hesabı ilə darmadağın edərək Liqa mərhələsinə vəsiqə əldə edib.

AEK-in baş məşqçisi Marko Nikoliç rəqibin birbaşa oyununa, standart vəziyyətlərinə və sürətli əks-hücumlarına xüsusi diqqət çəkib, LASK-ın uğurunun təsadüfi olmadığını bildirib. Avstriyalılar da Afinaya debütant kompleksi ilə gəlmirlər. Robert Lyubiçiç komandanın əhvalını qısa ifadə edib: “Bizim gizlənməyə ehtiyacımız yoxdur”. Buna görə də turnirin ilk sürprizi məhz bu oyunda yaşana bilər.

“Brügge” - “Aston Villa” 20:45-də, Brügge şəhərində yerləşən “Jan Breydel” stadionunda olacaq. Günün ən bərabər cütlərindən biri hesab edilir. Bukmekerlər az fərqlə Unai Emerinin komandasına üstünlük versələr də, hazırkı forma belçikalıların xeyrinə danışır. “Brügge” ölkə çempionatındakı ilk beş oyunun dördündə qalib gəlib və Avropa kuboklarında öz meydanında ənənəvi olaraq çox güclüdür - son 22 ev matçında cəmi üç dəfə uduzub.

“Aston Villa”da isə vəziyyət tam əksinədir - Premyer Liqanın ilk üç turundan sonra cəmi bir xal və vurulmuş qol yoxdur. Üstəlik, Emeri Leon Qoretska və Yohan Manzambidən istifadə edə bilməyəcək. Amma ingilisləri hesabdan silmək olmaz. Onlar ötən mövsüm Avropa Liqasının qalibi olub, turnirdə 15 oyunun 13-də qələbə qazanıblar. Avrokuboklar isə çoxdan Emerinin ən güclü tərəflərindən biri sayılır. İspaniyalı mütəxəssis Çempionlar Liqasındakı yeni yürüşü “yeni səhifə” adlandırıb və komandasının son dərəcə motivasiyalı olduğunu vurğulayıb.

“Brügge”nin baş məşqçisi İvan Leko isə qələbə üçün komandasının demək olar ki, “ideal oyun” keçirməli olacağını söyləyib. Bununla belə, hazırkı forma və meydan amilini nəzərə alsaq, məhz “Brügge” bukmekerlərə görə nominal autsayder olsa da, sürpriz etməyə ən real namizədlərdən biridir.

“Borussiya” - “Vilyarreal” 23:00-da, Dortmundun “Signal Iduna Park” arenasında olacaq. Burada almanların üstünlüyü daha nəzərəçarpandır. Bukmekerlər “Borussiya”nın qələbə ehtimalını təxminən 52, “Vilyarreal”ın şansını isə 26 faiz qiymətləndirirlər. Bu komandalar ötən il də Dortmundda qarşılaşıblar və meydan sahibləri 4:0 hesabı ilə qalib gəliblər. Ümumiyyətlə, BVB İspaniya klublarına qarşı son 15 ev oyunundan yalnız ikisində məğlub olub.

“Vilyarreal” La Liqaya da uğursuz başlayıb - dörd turdan sonra qələbəsi yoxdur və komanda 16-cı pillədədir. Amma Niko Kovaç turnir cədvəlinə baxmaq istəmir. “Borussiya”nın baş məşqçisi rəqibin mövqeyinin onun real oyun səviyyəsini əks etdirmədiyini deyib və ötənilki 4:0 hesabını aldadıcı adlandırıb. Onun fikrincə, həmin qarşılaşma nəticənin göstərdiyindən qat-qat çətin keçmişdi.

Dortmundluların müdafiə xəttində ciddi itkilərin olması da ehtiyatlı yanaşmağa əsas verir. Niko Şlotterbek və Rami Bensebaini cəzalı, Filippo Mane isə zədəlidir. Hücumda əsas silahı Serhu Girassi olaraq qalır. Buna görə də “Borussiya” favoritdir, amma müdafiədəki problemlər “Vilyarreal”a oyunu bukmekerlərin proqnozlaşdırdığından daha gərgin etməyə imkan verə bilər.

“Portu” - “Mançester Siti” Bakı vaxtı ilə 23:00-da, “Portu” “Estádio de Draqao” stadionunda keçiriləcək. Günün favorit üçün ən təhlükəli görünən oyunlarından biridir. “Siti” bukmekerlərin aşkar favoritidir - təxminən 56 faizə qarşı 22 faiz. Enzo Mareskanın komandası Premyer Liqaya üç qələbə ilə başlayıb, Erlinq Holann isə hər üç görüşdə qol vurub.

Amma “Portu” da demək olar ki, itkisiz irəliləyir. Françesko Fariolinin komandası çempionatın ilk beş oyununda qalib gəlib, Avropa kuboklarında isə öz meydanında son 14 qarşılaşmadan yalnız birində uduzub. “Siti” ilə bağlı başqa maraqlı statistika da var - İngiltərə təmsilçisi Çempionlar Liqasındakı son doqquz səfər matçının altısında məğlub olub.

Farioli rəqibin gücünü gizlətmir. O, “Mançester Siti”ni turnirin əsas favoritlərindən biri adlandırıb və İngiltərə klubunun böyük investisiyalarını xatırladıb. Amma italiyalı mütəxəssis daha bir xarakterik fikir səsləndirib: “Draqao”da oynayanda xüsusi bir şey baş verə bilər”. Mareska da futbolçularına oxşar xəbərdarlıq edib: “Portu”nun meydanını “çox çətin yer” adlandırıb, rəqibin həm topla, həm də topsuz aqressiv olduğunu və nə etmək istədiyini dəqiq bildiyini vurğulayıb.

Meydan sahiblərinin əsas problemi itkilərdir. Bednarek, Froholdt, Samu, Zaydu və Oskar Petuşevski meydana çıxa bilməyəcəklər. Buna baxmayaraq, “Siti” haqlı favorit sayılsa da, “Portu”nu bu axşamın əsas “qara atı” adlandırmaq olar.

“Lill” – “Betis” oyunu 23:00-da, Lilldəki “Decathlon Arena - Stade Pierre-Mauroy” stadionunda keçiriləcək. Bu qarşılaşma ilk növbədə məşqçilərin dueli ilə diqqət çəkir. 37 yaşlı David Ançelotti Çempionlar Liqasının bu mövsümdəki ən gənc, 72 yaşlı Manuel Pelleqrini isə ən yaşlı baş məşqçisidir. Aralarında 35 yaş fərq var. Ançelotti ilk dəfə Çempionlar Liqasında baş məşqçi kimi meydana çıxacaq, Pelleqrini üçün isə bu turnir çoxdan tanış səviyyədir.

Bukmekerlər “Lill”ə cüzi üstünlük verirlər - təxminən 41 faizə qarşı 35 faiz. Fransa klubu İspaniya təmsilçilərinə qarşı son doqquz ev oyunundan yalnız birində uduzub. Amma gizli favorit axtarırıqsa, bu rol “Betis”ə də yaraşır. Sevilya klubu 21 ildən sonra Çempionlar Liqasına qayıdır. Üstəlik, cəmi bir neçə gün əvvəl “Real”ı 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu Troy Parrott vurub, Alvaro Valles isə matçın sonlarında Mbappenin penalti zərbəsini dəf edib.

Davide Ançelotti oyundan əvvəl Pelleqrini haqqında xüsusi danışaraq çilili mütəxəssisin “qazandıqları və nailiyyətləri ilə müqayisədə lazımınca qiymətləndirilmədiyini” bildirib. O, “Betis”in təcrübəsini və yaxşı təşkilatlanmış oyununu da qeyd edib. Beləliklə, nominal favorit “Lill”dir, amma “Real” üzərində qələbədən sonra Sevilya təmsilçisi Fransaya heç də turist kimi gəlmir.

Və nəhayət “Real Madrid” - “İnter” 23:00-da, Madriddəki “Santiaqo Bernabeu” stadionunda keçiriləcək. Gecənin əsas qarşılaşması yalnız klubların adına görə maraqlı deyil. Joze Mourinyo 2010-cu ildə tarixi trebl(klubun bir mövsümdə üç əsas titul qazanması - red), o cümlədən Çempionlar Liqasını qazandığı “İnter”ə qarşı çıxacaq. Rəqib texniki zonada isə həmin “İnter”in futbolçularından biri olmuş Kristian Kivu dayanacaq.

Mourinyo oyun öncəsi sentimentallığı bir kənara qoyub: “Matçdan əvvəl və sonra dostuq. Oyun zamanı isə yox”. Portuqaliyalı mütəxəssis məqsədini daha açıq ifadə edib: “Mən qalib gəlmək istəyirəm. ‘Betis’lə oyundakı kimi yaxşı oynayıb məğlub olmaq istəmirəm”. Bu sözlər xüsusilə aktualdır. Cəmi dörd gün əvvəl “Real” mövsümdə ilk dəfə uduzub - Sevilyada “Betis”ə 0:1. Madridlilər üç dəfə dirəyə tuş gəlib, Mbappe isə penalti vuruşundan yararlana bilməyib.

Kivu da “Bernabeu”ya bütün komanda ilə müdafiə olunmaq üçün gəlmədiyini göstərib. O, “İnter”dən cəsarət, xarakter və oyunda dominant olmaq istəyi tələb edib. Eyni zamanda etiraf edib ki, “Real”ı tam zərərsizləşdirmək üçün ideal resept yoxdur. “İnter” A Seriyasına üç qələbə ilə başlayıb və Madrid səfərindən əvvəl “Napoli”ni 3:2 hesabı ilə məğlub edib.

Buna baxmayaraq, bukmekerlər kifayət qədər inamla “Real”ı favorit sayırlar - Madrid klubunun qələbə ehtimalı təxminən 57, “İnter”inki isə 23 faizdir. Tarix də “Real”ın tərəfindədir: son yeddi qarşılaşmanın altısında Madrid təmsilçisi qalib gəlib. “İnter” isə Çempionlar Liqasında İspaniya klubuna qarşı səfərdə sonuncu dəfə 2004/05 mövsümündə qələbə qazanıb. Amma hazırkı formanı nəzərə alsaq, bu duel bukmeker əmsallarının göstərdiyi qədər birtərəfli görünmür.

Beləliklə, günün əsas favoritləri “Real” və “Mançester Siti”dir, Dortmund “Borussiya”sı da kifayət qədər etibarlı görünür. Sensasiya yaratmağa əsas namizədlər isə “Portu”, “Brügge” və “Betis”dir. Xüsusilə portuqaliyalılar hazırkı formaları və Dragão amili sayəsində ilk oyun gününün ən böyük sürprizinə imza ata bilərlər.

Azərbaycanlı futbolsevərlər üçün bugünkü start həm də cümə axşamının əsas hadisəsinə bir növ girişdir: sentyabrın 10-da “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununu səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Azərbaycanda bu gün “Brügge” - “Aston Villa” və “Real Madrid” - “İnter” oyunlarını “CBC Sport”, “Portu” - “Mançester Siti” qarşılaşmasını isə İTV canlı yayımlayacaq.

İdman.Biz