“Püşkatmanın nəticələri çox maraqlı və çətin alındı. Sanki Avropanın ən güclü klubları bizim qrupa düşüb. Lakin bu cür güclü rəqiblərlə qarşılaşmaq həm də böyük təcrübədir”.
Bu sözləri “Sabah” klubunun idman direktoru İqor Ponomaryov komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.
Mütəxəssis püşkün nəticələrinə və komandanın şanslarına toxunub.
“Püşkatma çox güclü qrup formalaşdırdı. Elə bir təəssürat yaranır ki, sanki Avropanın ən güclü komandaları bizə rəqib olub. Amma bu, özümüzü güclü klublarla müqayisə etmək baxımından çox faydalıdır. Əminəm ki, futbolçularımız bu oyunlarda səviyyələrini daha da qaldıracaq və məsələyə tam başqa cür yanaşacaqlar. Rəqiblər nə qədər güclü olsa da, bu o demək deyil ki, biz mübarizə aparmayacağıq. Sonadək mübarizə aparağıq, çalışacağıq və bütün gücümüzü qoyacağıq ki, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaq. Əlbəttə, buna cəhd edəcəyik. Hər şey ola bilər - qazana da bilərik, uduza da. Amma belə klubların Azərbaycana gəlişi artıq futbolumuz üçün böyük hadisədir”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
İ.Ponomaryov “Sabah”ın U-19 komandasının Gənclər Liqasındakı iştirakının və ölkədəki futbol mühitinin vacibliyini də vurğulayıb:
“Gənclər komandamıza gəlincə, onların da belə böyük klublara qarşı oynaması çox maraqlı və faydalı olacaq. Böyük komandaların necə futbol oynadığını yaxından görəcəklər. Bizdə gənclər futbolunun səviyyəsi müəyyən mərhələdədir, buna görə də belə turnirdə iştirak etmək, başqalarının necə inkişaf etdiyini görmək gənclərimiz üçün böyük təcrübədir. Bütün bunlar futbolumuz üçün çox müsbət və böyük əhəmiyyət kəsb edən məsələlərdir. Oktyabrda ölkədə 15 yaşlılar üçün futbol festivalı keçiriləcək, gələn il isə Özbəkistan və Azərbaycanın birgə təşkil edəcəyi U-20 dünya çempionatı baş tutacaq. Bu gün U-19-da oynayanlar sabah əsas milliyə namizəddirlər və bu turnirlər onlar üçün böyük stimul olacaq”.
Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” əsas mərhələdə İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə evdə, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə isə səfərdə qarşılaşacaq. Azərbaycan çempionu ilk matçını sentyabrın 10-da İngiltərədə “Mançester Yunayted”ə qarşı keçirəcək.
