Soyunub-geyinmə otağında göz yaşları: İsrail mediası “Sabah”ın qələbəsi barədə nə yazdı? - İDMAN.BİZ-in İCMALI

26 Avqust 2026 11:39
107
Soyunub-geyinmə otağında göz yaşları: İsrail mediası “Sabah”ın qələbəsi barədə nə yazdı? - İDMAN.BİZ-in İCMALI

“Sabah” futbol klubunun Çempionlar Liqasının əsas mərhələsinə dramatik vəsiqə qazanması İsrailin idman mediasında əsas müzakirə mövzularından birinə çevrilib. Yerli nəşrlər diqqəti təkcə meydanda baş verənlərə deyil, final fitindən sonra “Hapoel Beer-Şeva” futbolçularının yaşadığı hisslərə də yönəldiblər.

İdman.Biz xəbər verir ki, Bakıda oyunu izləyən "Sport5" idman kanalının müxbiri Hadar Yaakobi əlavə vaxtda 5:2 hesabı ilə məğlub olan İsrail klubunun düşərgəsində son dərəcə ağır atmosferin hökm sürdüyünü yazıb.

Nəşrin məlumatına görə, “Hapoel” əsas vaxtın son saniyələrinə qədər özünə sərf edən hesabı qoruyarkən artıq Çempionlar Liqasının əsas mərhələsinin iştirakçısı olduğunu hiss edib. Klubun ətrafındakı insanların fikrincə, tarixi uğura bu qədər yaxın olmaq sonradan yaşanan çöküşün səbəblərindən biri ola bilərdi.

“Hapoel”də etiraf ediblər ki, həlledici dəqiqələrdə komanda diqqəti itirib, topla oynayarkən daha çox səhvə yol verib və əvvəlki oyununu göstərə bilməyib. İsraillilər həmçinin hesab edirlər ki, futbolçular “Sabah”ın oyun üslubunu qəbul edib, meydanın mərkəzinə nəzarəti rəqibə verib və getdikcə daha böyük psixoloji təzyiq altında oynamağa başlayıblar.

"Sport5" baş verənləri demək olar ki, reallaşmış tarixi uğurdan klub tarixinin ən ağrılı anlarından birinə qəfil keçid kimi təsvir edib.

Oyundan sonra soyunub-geyinmə otağında isə vəziyyət daha emosional olub. Nəşrin müxbirinin məlumatına görə, “Hapoel”in paltardəyişmə otağında tam sükut hökm sürüb və futbolçular göz yaşlarını saxlaya bilməyiblər. Çempionlar Liqasının əsas mərhələsinə tarixində ilk dəfə vəsiqə qazanmağa saniyələr qalan komanda qısa müddətdə artıq əldə etdiyi uğuru əldən verib.

Futbolçuların ağır vəziyyətdə olduğunu Bakıda olan Walla Sport müxbiri Yaniv Tuxman da təsdiqləyib. Onun yazdığına görə, “Hapoel”in avtobusu komandanı stadionun soyunub-geyinmə otağının çıxışında gözləyib. İlk şoku yaşayan və göz yaşlarını silən futbolçular demək olar ki, səssiz şəkildə avtobusa əyləşərək otelə yollanıblar.

İsrail klubunda stadiondan otelə qədər olan yol futbolçuların yaşadığı ən ağır yollardan biri kimi qiymətləndirilib. Komanda nümayəndələrindən biri Walla-ya bildirib ki, bəzi futbolçuların əldən verilmiş fürsətin miqyasını tam dərk etməsi üçün illər lazım ola bilər.

Jurnalistlər oyundan sonra baş verən maraqlı bir məqama da diqqət çəkiblər. Stadiondan çıxarkən “Sabah”ın futbolçuları rəqib komandanın nümayəndələri ilə qarşılaşıb və israilli futbolçulara dəstək olmağa, onlara təsəlli verməyə çalışıblar.

İsraildə “Hapoel”in əsas vaxtın son dəqiqələrində oyunu niyə saxlaya bilmədiyi və əlavə vaxtda təşəbbüsü tamamilə rəqibə verdiyi də geniş müzakirə olunur.

İsrail millisinin sabiq hücumçusu İtay Şexter Sport5 telekanalının efirində bildirib ki, matçın həlledici mərhələsinə çatanda “Hapoel” futbolçuları artıq fiziki cəhətdən tükənmiş vəziyyətdə idilər. Ekspert komandanın heyətinin kifayət qədər geniş olmamasına, həmçinin İqor Zlatanoviç və kapitan Migel Viktorun məcburi şəkildə əvəzlənməsinə diqqət çəkib.

Şexterin fikrincə, bu dəyişikliklərdən sonra İsrail klubunun ehtiyat oyunçular skamyasından istifadə edərək oyunu gücləndirmək imkanları xeyli azalıb. Əlavə vaxtda isə qonaqların fiziki vəziyyəti “Sabah”ın oyunundan kəskin şəkildə fərqlənib. Azərbaycan klubu gecikmiş üçüncü qoldan sonra əlavə emosional üstünlük əldə edib.

Digər tanınmış israilli mütəxəssis Eli Qutman isə daha sərt fikirlər səsləndirib. O, Sport5-in efirində oyunu təhlil edərkən “Hapoel”in növbəti mərhələyə yüksəlməyə layiq olmadığını bildirib. Onun fikrincə, Bakıdakı oyunda komanda özünə xas futbolu nümayiş etdirə bilməyib və psixoloji təzyiqə tab gətirməyib.

Qutman xüsusilə “Sabah”ın xarakterini önə çəkib. Onun fikrincə, növbəti mərhələyə psixoloji baxımdan daha güclü olan və vəziyyət demək olar ki, ümidsiz göründüyü anda belə mübarizəni dayandırmayan komanda yüksəlib. Oyunu əlavə vaxta daşıyan qoldan sonra isə ekspertin fikrincə, Azərbaycan klubunun üstünlüyü artıq açıq şəkildə görünməyə başlayıb.

Məğlubiyyətin yaratdığı emosional ab-hava İsrail mətbuatının demək olar ki, bütün səhər yazılarında özünü göstərib. Walla oyundan sonrakı gecənin komandanı sarsıtdığını yazıb. Sport5 baş verənləri futbolda təsəvvür edilə biləcək ən amansız ssenarilərdən biri kimi qiymətləndirib. Ynet isə Beer-Şevada dramatik məğlubiyyətdən sonra “parçaları bir araya gətirməyə” çalışdıqlarını yazıb.

“Hapoel” həqiqətən də tarixi uğura cəmi bir neçə saniyə qalmışdı. Lakin “Sabah” hücumlarını dayandırmadı, oyunu əlavə vaxta daşıdı və daha sonra rəqibin həm fiziki, həm də psixoloji baxımdan zəifləməsindən yararlandı.

Bakı klubu 5:2 hesabı ilə qalib gəldi və iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə üstün oldu. “Sabah” tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi. İsrail çempionu isə avrokubok mövsümünü Avropa Liqasında davam etdirəcək.

İdman.Biz