Rüfət Abbasov: “Bütün oyunlarda əsas heyətdə olmaq istəyirəm” - MÜSAHİBƏ

24 Avqust 2026 17:09
83
Rüfət Abbasov: “Bütün oyunlarda əsas heyətdə olmaq istəyirəm” - MÜSAHİBƏ

“Mən hər zaman həm özüm, həm də komandam üçün ən yaxşısını etməyə çalışıram”.

Bunu Azərbaycan Premyer Liqasının ikinci turunda “Araz-Naxçıvan”ı 5:0 hesabı ilə məğlub edən “Neftçi”nin müdafiəçisi Rüfət Abbasov matçdan sonra prosport.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı.

– Çətin oyun olacağını bilirdik. 2 tərəf də mübarizə aparırdı. Öz meydanımızda, azarkeşlərimizin önündə oynayırdıq. Qələbə qazanmaq istəyirdik. Şükür Allaha ki, qələbə qazandıq. İnşallah, bunun ardını gətirmək istəyirik və əlimizdən gələni edəcəyik.

– Komandaya adaptasiya ola bilmisiniz?

– Bir neçə vaxtdır buradayam. Əsas heyətdə oynamışam. Adaptasiya yaxşı keçir. Düzdür, bura mənim evimdir. Amma bundan da yaxşı olacağını düşünürəm.

– İkinci oyundur ki, əsas heyətdəsiniz. Deyə bilərik ki, artıq əsas heyət üzvüsünüz?

– Mən hər zaman ən yaxşısını etməyə çalışıram. Həm özüm, həm də komandam üçün ən yaxşısını edirəm. İnşallah, bunun üçün də çalışacağam və bütün oyunlarda əsas heyətdə olmaq istəyirəm.

– “Sabah” avrokubokların liqa mərhələsinə vəsiqə qazanıb. Böyük ehtimalla, “Qarabağ” da vəsiqə qazanacaq. 2 turnirdə oynayacaqları üçün daha çox yorulacaqlar. Çempionluqda əsas rəqibiniz “Turan Tovuz” qalır. Bu, sizin çempionluq şansınızı artıracaq? Nəzərə alsaq ki, bu il “Neftçi”nin 90 illiyidir...

– Mən ilk öncə “Sabah”ı təbrik edirəm, “Qarabağ”a da uğurlar arzulayıram. Bizim ölkənin klublarıdır. İnşallah, bütün oyunlarda qələbə qazanarlar. Hamısı üçün ən yaxşısı nədirsə, o da olsun. Dediyiniz kimi, 90 illiyimizdir. Çempion olmaq istəyirik, inşallah, bunu bacararıq.

İdman.Biz