“Sabah”ın legioneri Azərbaycan futbolunun tarixinə düşüb

20 Avqust 2026 12:59
83
“Sabah”ın legioneri Azərbaycan futbolunun tarixinə düşüb

“Sabah”ın futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında ardıcıl beşinci oyunda qol vurmaqla rekorda imza atıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

O, pley-off mərhələsinin “Hapoel” (Beer Şeva, İsrail) ilə səfər oyununda (1:2) fərqlənib.

Serbiyalı yarımmüdafiəçi bunadək ikinci təsnifat mərhələsinin “KuPS” (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə üçüncü təsnifat mərhələsinin “Orhus” (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.

Simiç bununla da Azərbaycan futbolu tarixinə klubların heyətində UEFA Çempionlar Liqasında ardıcıl beş matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb. Bunadək şərikli rekord “Qarabağ”ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Olavio Juninyo 2024/2025 mövsümündə ardıcıl dörd qarşılaşmada azarkeşləri sevindirib. Cica birinci və ikinci təsnifat mərhələlərində dörd oyunda beş, Juninyo ikinci və üçüncü təsnifat mərhələlərindəki dörd görüşdə altı qol vurub.

Qeyd edək ki, Velko Simiç rekord seriyanı növbəti qarşılaşmalarda uzada da bilər.

İdman.Biz