“Bugünkü oyunda bizi çox gərgin və taktiki mübarizə gözləyir. “Sabah” son vaxtlar yaxşı formadadır, xüsusən hücum xəttində effektli oynayır”.
Bu sözləri Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə “Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubuna qarşı keçirəcəyi ilk oyun haqqında danışarkən deyib.
O, komandaların şanslarının bərabər olduğunu bildirib.
“Rəqib təcrübəlidir, amma “Sabah”ın səfərdən ən azı heç-heçə ilə dönmək imkanı çox yüksəkdir. Düşünürəm ki, meydanda tam bərabər mübarizə gedəcək”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
C.Həsənzadə statistikaya diqqət çəkərək əlavə edib:
“Sabah” son 5 rəsmi oyunun 4-də qələbə qazanıb və hücumda çox məhsuldardır. “Hapoel” isə son 5 matçında 2 dəfə məğlubiyyətlə üzləşib. Əgər komandamız müdafiədə intizamlı olub sürətli əks-hücumlardan istifadə etsə, istədiyi nəticəni qazana bilər”.
Qeyd edək ki, bu gün Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda keçiriləcək “Hapoel” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
