“Hapoel” (Beer-Şeva) İsrail çempionatının ən təcrübəli və taktiki cəhətdən intizamlı komandalarından biridir”.
Bu barədə “Hapoel” (Kiryat Şmona) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Abdullazadə deyib.
25 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisi “Sabah”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel” (Beer-Şeva) komandasına qarşı keçirəcəyi matçlara toxunub.
“Artıq 2 aydir ki, İsraildəyəm və yerli futbolun ritmini, buradakı komandaların xarakterini yaxından görürəm. “Hapoel” İsrail çempionatının ən təcrübəli və taktiki cəhətdən intizamlı klublarındandır. Avrokuboklarda kifayət qədər böyük təcrübələri var, xüsusilə standart vəziyyətlərdə çox təhlükəlidirlər və topla sürətli hücuma çıxmağı yaxşı bacarırlar. Müdafiədə sıx oynayırlar”, - deyə o report.az-a açıqlamasında söyləyib.
R.Abdullazadə “Sabah”ın da çox keyfiyyətli heyətə və formalaşmış öz oyun dəsti-xəttinə malik olduğunu vurğulayıb:
“Oyun nizamını qoruyub 90 dəqiqə konsentrasiyanı saxlasalar, rəqibin təzyiqinə soyuqqanlı cavab verib yaradılan epizodlardan maksimum istifadə etsələr, istədikləri nəticəni qazana bilərlər. Güclü olan qalib gəlsin. Ümid edirəm ki, bu, “Sabah” olacaq”.
Qeyd edək ki, “Hapoel” - “Sabah” matçı bu gün, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki “Quleşti” stadionunda start götürəcək.
Komandalar arasında cavab matçı avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
