ABŞ-li milyarder, “Amazon”un qurucusu Ceff Bezosun dəstəklədiyi konsorsium İngiltərənin “Liverpul” futbol klubunun səhmlərinin 38 faizini əldə edib.
İdman.Biz xəbər verir ki, “The Athletic”in məlumatına görə, Amit Bhatianın rəhbərlik etdiyi “1892 Holdings”in aldığı pay əvvəl açıqlanan 30-33 faizdən daha çoxdur.
Razılaşmaya əsasən, konsorsium yaxın 12 ay ərzində “Liverpul”un nəzarət paketini almaq hüququna da malikdir. Bununla belə, hazırkı vəziyyətdə “Fenway Sports Group” (FSG) klubun əsas səhmdarı olaraq qalacaq və əməliyyat nəzarətini saxlayacaq.
Bezos sərmayəni “K5 Sports” vasitəsilə yatırıb. Bu, onun idman klublarına sahiblik sahəsində ilk investisiyasıdır. Buna baxmayaraq, amerikalı iş adamı “Liverpul”un Direktorlar Şurasına daxil olmayacaq.
Konsorsiumun tərkibində “Facebook”un həmtəsisçisi Eduardo Saverin və həyat yoldaşı Eleyn Saverinin ailə ofisi, həmçinin “Mittal Family Trusts” da yer alır.
“Queens Park Rangers”in sabiq ortaq sahibi Amit Bhatia isə “Liverpul”un yeni vitse-prezidenti olacaq. FSG isə hələlik klubda çoxluq payını və idarəetmə nəzarətini əlində saxlayacaq.
