“Dinamo”nun əfsanəsi: “Qarabağ” aparıcı futbolçularını satıb və yoxluqları hiss olunur”

13 Avqust 2026 17:14
137
“Dinamo”nun əfsanəsi: “Qarabağ” aparıcı futbolçularını satıb və yoxluqları hiss olunur”

Kiyev “Dinamo”sunun sabiq futbolçusu Oleq Kuznetsov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, veteran müdafiəçi Bakıda Kiyev klubunu çətin qarşılaşmanın gözlədiyini bildirib.

Kuznetsovun sözlərinə görə, “Qarabağ” doğma meydanda azarkeşlərinin dəstəyi ilə ilk dəqiqələrdən hücuma atılacaq və cavab görüşü ilk oyundan daha gərgin keçəcək.

O, Azərbaycan təmsilçisinin əvvəlki mövsümlə müqayisədə güc itirdiyini də vurğulayıb:

“İndiki “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında səs-küy yaradan komanda deyil. Klub bir neçə aparıcı futbolçusunu satıb və onların yoxluğu hiss olunur. İlk növbədə “Seltik”in 5,5 milyon avroya transfer etdiyi hücumçu Duranı nəzərdə tuturam”.

Veteran futbolçu ilk oyunda 1:0 hesablı qələbə qazanmalarına baxmayaraq, “Dinamo”nun Bakıda tam müdafiəyə çəkiləcəyini düşünmür. Onun fikrincə, Kiyev təmsilçisi əsas diqqəti müdafiəyə yönəltsə də, sürətli əks-hücumlardan istifadə etməyə çalışacaq.

Kuznetsov əlavə edib ki, heç bir məşqçi komandasına yalnız öz cərimə meydançasında müdafiə olunmaq tapşırığı vermir.

Qeyd edək ki, “Qarabağ” - “Dinamo” cavab qarşılaşması bu gün Bakıda keçiriləcək. İlk oyunda Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz