“Amazon”un təsisçisi “Liverpul”un üçdəbir hissəsini almağa yaxındır

10 Avqust 2026 16:28
134
“Amazon”un təsisçisi “Liverpul”un üçdəbir hissəsini almağa yaxındır

“Amazon”un təsisçisi Ceff Bezosun daxil olduğu konsorsium İngiltərənin “Liverpul” futbol klubunun təxminən üçdəbir hissəsini almağa yaxındır.

İdman.Biz “Sky News”a istinadən xəbər verir ki, klubun nəzarət səhm paketinə sahib olan “Fenway Sports Group” (FSG) sövdələşmə ilə bağlı yaxın günlərdə açıqlama verə bilər.

Amit Bhatianın rəhbərlik etdiyi investor qrupuna Ceff Bezosla yanaşı, “Facebook”un həmtəsisçilərindən biri Eduardo Saverin də daxildir. Konsorsiumun “Liverpul”da təxminən üçdəbir pay əldə etməsi gözlənilir.

Sövdələşmə baş tutacağı təqdirdə “Liverpul”un ümumi dəyərinin təxminən 4,4-4,5 milyard funt sterlinq olacağı bildirilir.

Qeyd edək ki, FSG “Liverpul”u 2010-cu ildə 300 milyon funt sterlinqə satın alıb. Şirkət 2023-cü ildə klubun səhmlərinin bir hissəsini “Dynasty Equity” investisiya şirkətinə də satıb.

İdman.Biz