Flamenqo 8:0 qalib gəldi, baş məşqçini qovdu

3 Mart 2026 10:25
137
Flamenqo 8:0 qalib gəldi, baş məşqçini qovdu

Braziliya Flamenqosunun baş məşqçisi Filipe Luis görünməmiş şəraitdə rəsmi olaraq postunu tərk edib.

İdman.Biz Braziliya mediasına istinadla xəbər verir ki, istefa qərarı Madureyra üzərində qazanılan 8:0 hesablı darmadağından dərhal sonra elan edilib. Komandanın yüksək məhsuldarlıq nümayiş etdirməsinə baxmayaraq, klubun direktorlar şurası əvvəlcədən planlaşdırılan istefanı təsdiqləyib. Buna əsas səbəb kimi 2026-cı ilin əvvəlində Braziliya Superkuboku və Cənubi Amerika Rekopası finallarındakı məğlubiyyətlər göstərilib. Mütəxəssisin ayda təxminən 2 milyon real (685 min AZN) maaş alması da yeni kubokların olmadığı bir vaxtda büdcəyə təzyiq göstərən amil kimi qeyd olunub.

Luis oyunsonrası mətbuat konfransını keçirərkən hələ istefaya göndərildiyindən xəbərsiz olub. Qərar klub prezidenti Rodolfo Landim tərəfindən hələ oyun başlamazdan əvvəl, nəticədən asılı olmayaraq verilib. Onu əvəzləmək üçün əsas namizəd kimi Leonardo Jardim göstərilir. Baş məşqçi ilə birlikdə köməkçisi İvan Palanko və fiziki hazırlıq üzrə məşqçi Dioqu Linyares də klubu tərk edir.

Qeyd edək ki, Filipe Luis 2024-cü ilin sentyabrından bəri komandanın sükanı arxasında çalışdığı qısa müddətdə böyük uğurlar qazanıb. Onun rəhbərliyi altında Flamenqo Braziliya Kuboku (2024), Karioka çempionatı (2025), Superkubok (2025) və qitənin əsas klub turniri olan Libertadores Kubokunu (2025) qazanıb. Luis tarixdə həm futbolçu, həm də məşqçi kimi Flamenqo ilə Libertadores Kubokunu qazanan ilk şəxs olub. Onun fəaliyyəti dövründə komanda oyunların 65 faizindən çoxunda qələbə çalıb. Əfsanə statusuna və 15 ayda qazanılan 5 titula baxmayaraq, rəhbərlik hazırkı enişi müqaviləni pozmaq üçün kifayət qədər əsas hesab edib.

İdman.Biz
Məqalədə: