London “Arsenal”ının və Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavini, yəqin ki, İngiltərənin “Liverpul” klubuna “Enfild”də necə və neçə qol vurmağın mümkün olduğunu ən yaxşı bilən ekspert adlandırmaq olar.
Bir çoxları onun 21 aprel 2009-cu ildə İngiltərə Premyer Liqasının (İPL) 33-cü turu çərçivəsində “mersisaydlılar”ın qapısına vurduğu əfsanəvi pokeri (4:4) hələ də xatırlayır. Arşavin İPL tarixində “Enfild”də “Liverpul”a dörd qol vuran ilk səfər futbolçusu olub. Bu gün Ağdamın “Qarabağ” klubunu Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turunda “Liverpul”a qarşı səfər oyunu gözlədiyini nəzərə alaraq, Arşavindən qarşıdakı matçda qol vurmaq üçün nələrin edilməli olduğunu soruşmaq məntiqli idi.
İdman.Biz-lə eksklüziv açıqlamasında “Liverpul”un qapısına vurulmuş əfsanəvi pokerin müəllifi qarşıdakı oyunla bağlı gözləntilərini bölüşüb və “Qarabağ”ın İngiltərədə necə çıxış etməli olduğundan danışıb.
“Qarabağ”ın Çempionlar Liqasındakı hazırkı çıxışı, şübhəsiz ki, həm klub, həm də ümumilikdə Azərbaycan futbolu üçün böyük uğurdur. Etiraf edim ki, mənim üçün, yəqin ki, bir çoxları kimi, komandanızın belə oyunu sürpriz oldu", – deyə Arşavin bildirib.
“Arsenal”ın sabiq futbolçusu Ağdam klubunun heyətində super futbolçuların çıxış etdiyini də istisna etməyib.
“Düzünü desəm, “Qarabağ”ın oyunlarını xüsusi olaraq izləmirəm. Yalnız “Ayntraxt”la oyunun son 15 dəqiqəsinə baxmışdım, həmin görüşdə komandanız dramatik qələbə qazandı. Bilirəm ki, əsasən legionerlər, braziliyalılar oynayır. Digər tərəfdən, ola bilsin ki, elə super futbolçular toplanıb ki, “Qarabağ” Çempionlar Liqasının səkkizliyinə düşə bilir. Sadəcə, adından başqa komandanı yaxından izləmirəm, yalnız Ağdam klubu ilə bağlı xəbərləri görəndə məlumatım olur. Axı ötən il də səs-küy yaratmışdı”, - deyə Arşavin qeyd edib.
Qeyd etmək lazımdır ki, “Ayntraxt”la oyunun (3:2) sonunu izləyən rusiyalı futbolçu, yəqin ki, Ağdam təmsilçisinin Almaniya klubuna qarşı qalibiyyət qolunu azərbaycanlı müdafiəçi Bəhlul Mustafazadənin vurduğunu da görüb.
“Liverpul”un qapısına vurulan pokerin müəllifi həmçinin Qurban Qurbanovun komandasının “Enfild”də qol vurması üçün nələr etməli olduğunu də açıqlayıb.
“Qarabağ” sadəcə öz oyununu oynamalıdır(gülür). Əgər şans və bəxt onların tərəfində olsa, qol vurmaq mümkündür. Xüsusilə də nəzərə alsaq ki, “Liverpul” hazırda qeyri-sabit dövr yaşayır. Üstəlik, mən düşünürəm ki, “Qarabağ” mütləq qol vuracaq. Sual yalnız ondadır ki, bu xallar qazanmaq üçün kifayət edəcəkmi”, - deyə Arşavin vurğulayıb.
Əlavə edək ki, Çempionlar Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində “Liverpul”la “Qarabağ” arasında keçiriləcək oyun bu gün “Enfild” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:59-da start götürəcək. “Mersisaydlılar” 15 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıblar, Ağdam təmsilçisi isə 10 xalla 18-ci yerdədir.
