İspaniya La Liqasının 21-ci turunda “Oviedo” üzərində 3:0 hesablı qələbədən sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Joau Kanselunun start heyətində meydana çıxdığı ilk oyunla bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, alman mütəxəssis portuqaliyalı müdafiəçinin komandaya yeni qoşulmasına baxmayaraq, artıq məşqlərdə potensialını göstərdiyini bildirib. Flikin sözlərinə görə, Kanselunun klubun oyun üslubuna və fəlsəfəsinə uyğunlaşması üçün zamana ehtiyacı var, lakin onun inkişaf edəcəyinə inanır.
Baş məşqçi eyni zamanda bu oyunda Aleks Baldeyə istirahət vermək istədiyini də qeyd edib.
Flik qarşılaşmada yüksək pressinqin həlledici rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, komandanın əsas üstünlüyü topu tez geri qaytarmaq və rəqibə qol vurmaq üçün davamlı təzyiq göstərmək olub. Mütəxəssis Laminin vurduğu qolu xüsusi qeyd etsə də, nəticədən daha çox oyunun bu komponentindən razı qaldığını bildirib.
“Barselona”nın baş məşqçisi ilk hissədə oyunun arzuolunan səviyyədə alınmamasını intensiv oyun qrafiki və fasiləsiz səfərlərlə əlaqələndirib. O, komandanın son vaxtlar sıx təqvimdə çıxış etdiyini, fərqli iqlim şəraitlərinin futbolçulara təsir göstərdiyini qeyd edib. Buna baxmayaraq, Flik ikinci hissədə komandanın xarakter nümayiş etdirdiyini və vacib qollar vurduğunu vurğulayıb.
Qeyd edək ki, “Barselona” Joau Kanselunu yanvarın 13-də “Əl-Hilal”dan icarə əsasında heyətinə qatıb. La Liqada 21 turdan sonra katalon klubu 52 xalla turnir cədvəlinə liderlik edir. “Oviedo” isə 13 xalla sonuncu, 20-ci pillədə yer alır.
