Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

Xəbərlər
23 Yanvar 2026 18:14
40
Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

İsveç və İraq əsilli yarımmüdafiəçi Kevin Yakob yenidən transfer gündəminə gəlib. Uzunmüddətli zədədən sonra formasını bərpa edən futbolçuya Azərbaycan çempionu “Qarabağ” maraq göstərir.

İdman.Biz xəbər verir ki, hazırda Danimarkanın “Orhus” klubunda çıxış edən Yakobla bağlı məlumatı “Fotbolltransfers” yayıb.

25 yaşlı futbolçu zədə səbəbindən təxminən iki il bərpa prosesi keçib. O, cari mövsümdə yenidən meydanlara qayıdaraq əvvəlki formasını tapıb. Yakob bütün turnirlərdə 18 oyunda bir qol və iki məhsuldar ötürmə ilə komandasına töhfə verib. Həmin qarşılaşmaların yarısında start heyətində meydana çıxıb.

Hazırda “Orhus” Superliqada 18 turdan sonra turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisini dörd xal qabaqlayır. Buna baxmayaraq, Yakobun gələcəyi ilə bağlı suallar açıq qalır.

Futbolçunun agenti Alex Reggiani isə ona marağın mövcudluğunu təsdiqləyib:

“Kevin yenidən oyundan zövq almağa başlayıb və bu mövsüm yaxşı çıxış edir. Bir neçə klubun marağı var, lakin bütün tərəflərə hörmət əlaməti olaraq ad çəkmək istəmirəm”.

Yanvar transfer pəncərəsi ilə bağlı suala isə agent belə cavab verib:

“Kevin müqaviləyə malikdir və “Orhus”da özünü çox rahat hiss edir. O, bütün diqqətini mövsümün ikinci hissəsinə yönəldib. Komandanın qarşısında böyük hədəflər var və Kevin özünü əsas fiqurlardan biri kimi görür. Amma həm klub, həm də futbolçu üçün maraqlı bir variant ortaya çıxarsa, əlbəttə ki, baxacağıq”.

Qeyd edək ki, Kevin Yakobun “Orhus”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

İdman.Biz