“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior Çempionlar Liqasında klub tarixində yeni rekorda imza atmağa yaxınlaşıb. Mövsümə istənilən səviyyədə başlamayan futbolçu son həftələrdə həm qolları, həm assistləri, həm də oyunu ilə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, Vinisius Junior hazırda Çempionlar Liqasında “Real Madrid” forması ilə 28 assistə imza atıb. Bununla da o, 27 assisti olan Kərim Benzemanı geridə qoyaraq klub tarixində bu göstəricidə ikinci pilləyə yüksəlib.
Braziliyalı futbolçunu zirvədən ayıran yeganə ad Kriştianu Ronaldudur. Portuqaliyalı ulduzun hesabında 31 assist var və Vinisiusun bu rekorda çatması üçün cəmi üç məhsuldar ötürməsi qalıb.
Vinisius son dövrlərdə azarkeşlərin tənqidlərini və fit səslərini arxada qoyaraq diqqətini tam şəkildə meydandakı çıxışına yönəldib. “Monako”ya qarşı keçirilən Çempionlar Liqası oyununda o, qarşılaşmanın ən yaxşılarından biri olub. “Real Madrid”in 6:1 hesablı qələbə qazandığı matçda Vinisius bir qol vurub, iki assist edib.
Bu performansdan sonra Vinisius Junior 2018-2019 mövsümündən bəri “Real Madrid”in Çempionlar Liqasında ən yaxşı assist müəllifi olub.
