“Qarabağ” bu mövsüm Çempionlar Liqasında əldə etdiyi uğurlu nəticələrlə diqqət mərkəzinə düşməyi bacarıb. Ağdam təmsilçisi bu gün turnirdə yoluna davam etmək baxımından mühüm əhəmiyyət daşıyan oyunda Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq. Komandanın növbəti mərhələyə yüksəlməsi üçün qarşıdakı iki görüşdə müsbət nəticə əldə etməsi vacibdir”.
Bu sözləri AZƏRTAC-a “Qalatasaray”ın sabiq baş məşqçisi Hamza Hamzaoğlu deyib.
56 yaşlı türkiyəli tanınmış mütəxəssisin sözlərinə görə, Azərbaycan çempionu bu matçda mütləq qələbə qazanmalıdır:
“Pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə bugünkü qarşılaşma xüsusi önəm daşıyır. Doğma meydan və azarkeş amili “Qarabağ”ın xeyrinə işləyəcək. Rəqibin də hazırkı vəziyyəti o qədər də yaxşı deyil. Zədəli futbolçuları var. Komanda Bundesliqada keçirdiyi son beş oyunun yalnız birində qələbə qazanıb. Çempionlar Liqasında isə indiyədək yeganə qalibiyyətini evdə “Qalatasaray”a qarşı əldə edib. Bəlkə də bu qarşılaşma onlar üçün xüsusi əhəmiyyət daşımır”.
H.Hamzaoğlu Bundesliqa təmsilçisinin əsas məqsədinin hesabı qorumaq olacağını da vurğulayıb:
“Rəqib bu oyuna “olsa olar” prinsipi ilə çıxacaq. Yəni əsas məqsəd hesabı saxlamaq və “Qarabağ”ın mümkün boşluqlarını gözləmək olacaq. Buna görə də oyunun əvvəlində daha ehtiyatlı futbol oynayıb, keçid hücumları ilə qol vurmağa çalışacaqlar. Bu baxımdan “Qarabağ” matç boyu təzyiq göstərməli, öz gücünü daim rəqibə hiss etdirməlidir. Bu, ağdamlıların bacara biləcəyi bir oyun tərzidir. Baş məşqçi Qurban Qurbanovun ortaya qoyduğu iş də bunu açıq şəkildə sübut edir”.
O bildirib ki, “Qarabağ” həm Çempionlar Liqasında, həm də daxili çempionatda stabil çıxış edir:
“Hazırda liqada ikinci pillədə yer alsalar da, lider “Sabah”la aralarındakı xal fərqi cəmi birdir. Düşünürəm ki, “Qarabağ” bu mövsümü Çempionlar Liqasında yoluna davam edərək, uğurlu şəkildə tamamlamalıdır. Komandanın buna qadir olduğuna inanıram”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
