Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn Bundesliqada mümkün erkən çempionluğun komandanın Çempionlar Liqasındakı çıxışına mənfi təsir göstərməyəcəyini düşünür.
İdman.Biz xəbər verir ki, ingilis futbolçu mövsümün mart və ya aprel ayında çempionluğun təmin olunmasının oyun ritminə təsir edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
“Mən martda və ya apreldə titulu qazansaq, bundan qətiyyən şikayət etməzdim. Düşünürəm ki, indiki əhval-ruhiyyəmizlə bunun heç bir fərqi olmaz. Biz sadəcə həmişə oynadığımız kimi oynamağa davam edəcəyik”, - deyə Keyn bildirib.
Qeyd edək ki, yanvarın 17-də “Bavariya” Bundesliqa çərçivəsində “RB Leyptsiq”i 5:1 hesabı ilə məğlub edib. Həmin görüşdə Harri Keyn bir qola imza atıb.
Hazırda Münhen təmsilçisi Bundesliqanın turnir cədvəlinə 50 xalla liderlik edir. İkinci pillədə qərarlaşan Dortmund “Borussiya”sı ilə xal fərqi 11-dir.
