“Futbola sevgim karyeramda dönüş nöqtəsi oldu” - “CIO Views” Elxan Səmədov haqqında məqalə dərc edib - FOTO

Müsahibə
16 Yanvar 2026 11:00
49
“Futbola sevgim karyeramda dönüş nöqtəsi oldu” - “CIO Views” Elxan Səmədov haqqında məqalə dərc edib - FOTO

Beynəlxalq miqyasda geniş auditoriyaya malik, dünyaca məşhur biznes jurnalı “CIO Views”da Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov haqqında məqalə dərc olunub.

İdman.Biz xəbər verir ki, bu platforma yalnız idman ictimaiyyətini deyil, eyni zamanda biznes dairələrini, akademik çevrələri, gəncləri, menecerləri və beynəlxalq oxucu auditoriyasını əhatə edir. Jurnal müsahiblərini apardığı araşdırmalar əsasında seçir.

Məqalədə qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində öz sahəsində uğur qazanmış şəxslərə müraciət edilərək onların təcrübəsi, ideyaları və uğur yolu geniş oxucu kütləsinə təqdim olunur. “CIO Views” Elxan Səmədovun karyera yoluna nəzər salaraq, PFL prezidentinin təhsil həyatı, biznes və futbol idarəçiliyi sahəsindəki nailiyyətləri, eləcə də bu idman növünə olan sevgisi barədə geniş məlumat verib.

Müəllif yazıya belə başlayır: “Azərbaycan Peşəkar Futbol Liqasının Prezidenti Elxan Səmədovun futboldakı yolu sevgi, intizam və birliyin gücünə sarsılmaz inamla formalaşıb. Doktorluq dərəcəsi (PhD) ilə yekunlaşan akademik yolu onun analitik düşüncə tərzini və uzunmüddətli baxışını daha da möhkəmləndirib. Bu keyfiyyətlər bu gün idmanda nümayiş etdirdiyi liderliyin əsasını təşkil edir”.

Jurnal yazır ki, Səmədov “Əsrin müqaviləsi”nin imzalanması, U-17 Qadınlararası Dünya Çempionatının keçirilməsi və I Avropa Oyunlarının təşkili kimi ölkə üçün mühüm hadisələrin bir hissəsi olmaq fürsəti qazandığı üçün özünü xoşbəxt sayır.

Müəllif qeydlərinə belə davam edir: “Onun idmanla bağlılığı heç vaxt yalnız inzibati səviyyədə olmayıb - bu, yaşadığı və təcrübədən keçirdiyi bir yol olub. O, idmançı kimi keçdiyi mərhələni bu gün də qürurla xatırlayır”.

Elxan Səmədov idmançı karyerasını belə təsvir edir: “İdmançı kimi Azərbaycan Futzal I Liqasının dəfələrlə çempionu olmuşam, müxtəlif futzal və mini-futbol turnirlərində qalib gəlmişəm, bir sıra yarışlarda ən yaxşı oyunçu və bombardir adına layiq görülmüşəm. Həmçinin Azərbaycan Basketbol Çempionatının qalibi olmuşam. Bununla belə, bütün bu nailiyyətlər arasında məşqçi kimi Azərbaycan Futzal Kubokunu qazanmağımı ən böyük uğurum hesab edirəm”.

“Satınalmadan futbol liderliyinə” yarımbaşlığı altında təqdim olunan hissədə Elxan Səmədovun biznes fəaliyyəti ilə bağlı fikirləri yer alır. Məlum olur ki, futbol sevgisi satınalmalar sahəsində böyük təcrübəyə malik olan Səmədovu karyerasında köklü dəyişiklik etməyə sövq edib.

Jurnalda qeyd edilir: “Elxan Səmədov dünya üzrə satınalma və təchizat zənciri idarəçiliyi sahəsində tanınmış ekspert kimi, bu sahə ilə futbol idarəçiliyi arasında balansın zamanla necə dəyişdiyini izah edir. “Mən satınalma sahəsində 30 ildən artıq çalışmışam və tenderlərin keçirilməsi, qiymətləndirilməsi, eləcə də audit məqsədilə təxminən 60 ölkəyə səfər etmişəm. Lakin 29 iyul 2022-ci ildə Peşəkar Futbol Liqasının Prezidenti seçildikdən sonra karyera fokusumu tam şəkildə futbola yönəltdim”, - deyə bildirir.

Səmədov futbolun inkişafı mövzusunda danışarkən klublar, federasiyalar və beynəlxalq qurumlar arasında güclü əməkdaşlığın qurulmasının vacibliyini xüsusi vurğulayır: “Əməkdaşlıq qarşılıqlı hörmət və açıq dialoqla başlayır. PFL olaraq federasiya, klublar və UEFA ilə sıx və fasiləsiz əlaqə saxlayırıq. Məqsədimiz futbol ailəsinin bütün üzvlərinin eyni istiqamətdə irəliləməsidir”.

Müəllif qeyd edir ki, PFL prezidentinin fikrincə futboldakı davamlı inkişaf ortaq öyrənmə və uzlaşdırılmış hədəflər tələb edir. Bu baxımdan bilik və təcrübə mübadiləsi, birgə layihələr, təhsil proqramları və texniki əməkdaşlıq xüsusi önəm daşıyır. Elxan Səmədov beynəlxalq əməkdaşlığın rolunu vurğulayaraq Avropa Liqaları Assosiasiyası (EPFL) ilə əlaqələrin PFL üçün böyük dəyər kəsb etdiyini bildirir və əlavə edir: “Hazırda Dünya Liqaları Assosiasiyasına (WLA) üzv olmaq üçün danışıqlar aparırıq”.

“Ən böyük arzum daha güclü, daha təsirli və beynəlxalq səviyyədə tanınan Azərbaycan futbol sisteminin formalaşmasına töhfə verməkdir” - deyə Elxan Səmədov qeyd edib və əsas nailiyyətləri sırasında PFL-in təşkilati və struktur baxımından gücləndirilməsini xüsusi vurğulayıb.

Elxan Səmədov UEFA və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini, şəffaflığın artırılmasını və liqalarda rəqabət balansının yaxşılaşdırılmasını xüsusi vurğulayıb.

Onun fikrincə, aşağı liqalar vasitəsilə futbola çıxış imkanlarının genişləndirilməsi atılan ən vacib addımlardan biridir. Xüsusilə İkinci Liqanın yaradılması, yeni klubların futbol ekosisteminə inteqrasiyası və peşəkar futbolun ölkənin demək olar ki, bütün regionlarında əlçatan olması mühüm əhəmiyyət daşıyır. Səmədov bu dəyişikliklərin insanlara yaşadıqları əraziyə yaxın peşəkar komandaları izləmək imkanı yaratdığını və bunun bərabər imkanlar baxımından önəmli olduğunu vurğulayıb.

Jurnalda həmçinin qeyd edilib ki, PFL mövsüm ərzində keçirilən demək olar ki, bütün peşəkar oyunların yayımını təşkil edərək azarkeşlərə sevdikləri komandaları dünyanın istənilən nöqtəsindən izləmək imkanı yaradıb. Bu da Azərbaycan futbolunun beynəlxalq tanınmasına ciddi töhfə verib. Elxan Səmədovun fikrincə, bu əlçatanlıq həm gənc istedadların, həm də azarkeşlərin futbola baxışını dəyişib.

Məqalədə PFL prezidentinin 2023-cü ildə keçirdiyi ağır avtomobil qəzasına da toxunulur. Elxan Səmədov həmin dövrü həyatının ən çətin mərhələlərindən biri kimi xatırlayır: “Şiddətli ağrılara, həyati risklərə və tibbi məhdudiyyətlərə baxmayaraq, komandamla əlaqəni kəsmədim. Xəstəxanada olduğum müddətdə belə onların yanında oldum”.

O etiraf edir ki, bu hadisə liderlik anlayışını daha da gücləndirib: “Həmin dövr mənə bir daha göstərdi ki, liderlik çətinliklərdən qaçmaq deyil, sənə inanan insanları ortaq məqsəd ətrafında bir arada saxlamaqdır. Bu təcrübə futbolun gücünün həm də birliyimizdə olduğunu təsdiqlədi”.

İdman.Biz